Harvard Universiteti qiymət inflyasiyasının qarşısını almaq üçün qiymətləndirmə sistemində ciddi dəyişiklik etməyə hazırlaşır.
Modern.az bu barədə “Bloomberg” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, universitetdə müəllimlər yeni islahat layihəsinə səs verirlər. Təklif olunan dəyişiklik qəbul edilərsə, bir fənn üzrə tələbələrin maksimum 20 faizinə “A” qiyməti verilə biləcək.
Hazırda Harvardda verilən qiymətlərin təxminən 60 faizi “A”dır. Halbuki 2006-cı ildə bu göstərici indiki ilə müqayisədə iki dəfə aşağı idi. Universitet rəhbərliyi hesab edir ki, qiymətlərin həddindən artıq yüksək olması meritokratiya prinsipinə zərbə vurur və işəgötürənlərin məzunların real bilik səviyyəsini obyektiv qiymətləndirməsini çətinləşdirir.
Tələbələrin bir hissəsi və bəzi müəllimlər isə islahata qarşı çıxırlar. Onlar hesab edirlər ki, bu dəyişiklik universitet daxilində rəqabəti və psixoloji təzyiqi artıracaq.
İslahat tərəfdarları isə mövcud vəziyyətin artıq absurd həddə çatdığını bildirirlər. Belə ki, bu il ən yüksək GPA göstəricisinə görə təqdim olunan mükafatı eyni anda 54 məzun qazanıb.