Ermənistanda keçirilən parlament seçkilərində səsvermənin nəticələrinin açıqlanması fonunda Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qərargahında nəticələr izlənilir.
Modern.az xəbər verir ki, Baş nazir administrasiyasının rəhbəri və partiyanın seçki qərargahının rəhbəri Araik Arutyunyan bildirib ki, ilkin nəticələr onları qane edir.
“Hazırda “Vətəndaş Müqaviləsi” Partiyasının qərargahındayıq və səsvermənin nəticələrini yekunlaşdırırıq. İlkin nəticələr çox qənaətbəxşdir və düşünürəm ki, bu templə davam edib çoxluğu əldə edəcəyik. Səslərin hesablanması hələ davam edir, amma rəqəmlərin ciddi dəyişəcəyini düşünmürəm”, – o qeyd edib.
Qərargahda səs sayımını izləyən partiya üzvləri də ilkin nəticələri müsbət qiymətləndirərək, “Vətəndaş Müqaviləsi”nin inamlı qələbə qazandığını bildiriblər.
Araik Arutyunyan indiyədək sosial şəbəkə hesabında 52 seçki məntəqəsi üzrə nəticələri paylaşıb və həmin məntəqələrin hamısında “Vətəndaş Müqaviləsi” Partiyası liderdir.