Pentaqon “Alibaba”, BYD, “Baidu” və başqa bir neçə Çin şirkətini ABŞ-da fəaliyyət göstərən "Çin hərbi şirkətləri" kimi xarakterizə edərək, onları Amerika kapitalına, texnologiyasına və dövlət müqavilələrinə çıxışı məhdudlaşdırılan şirkətlərin qara siyahısına salıb.
Modern.az “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, iyunun 10-u günü dərc olunması planlaşdırılan federal reyestr bildirişində Pentaqonun Çin şirkətlərinin “Milli müdafiə səlahiyyəti” qanununun 1260H bölməsi çərçivəsində təyinat tələblərinə cavab verdiyini müəyyənləşdirdiyi qeyd olunub. Bu bölmə Pentaqondan ABŞ-də birbaşa və ya dolayı yolla fəaliyyət göstərən və Çinin hərbi-mülki strategiyasını dəstəkləyən Çin şirkətlərini müəyyən etməsini tələb edir.
Yeni siyahı ənənəvi müdafiə, nəzarət və dövlətə məxsus sənaye qruplarından kənara çıxaraq, Çinin ən çox tanınan özəl və qabaqcıl şirkətlərini, o cümlədən elektron ticarət nəhəngi “Alibaba”, elektrik nəqliyyat vasitələri istehsalçısı BYD, axtarış və süni intellekt şirkəti “Baidu”, elektrik avtomobil istehsalçısı “Nio”, biotexnologiya firması “WuXi AppTec”, günəş enerjisi istehsalçıları “JA Solar” və “Trina Solar”, robot istehsalçısı “Unitree”, lidar qurğuları istehsalçısı “Hesai” və “RoboSense”, şəbəkə avadanlığı istehsalçısı “TP-Link”i də əhatə edir.
Pentaqon, həmçinin 2025-ci ilin yanvarında dərc edilmiş siyahının əvvəlki versiyasından “China International Information Services”, “China National Chemical Engineering”, dövlətə məxsus enerji nəhəngi CNOOC-un 2 törəmə şirkətini, “Cosco Shipping Finance” da daxil olmaqla 10 qurumu çıxarıb.