Modern.az

ABŞ-İran münaqişəsi qızışır - Tərəflər bir-birini yenə vurdu

ABŞ-İran münaqişəsi qızışır - Tərəflər bir-birini yenə vurdu

Dünya

Bu gün, 08:50

ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazı üzərində Amerika hərbi helikopterini vurduğunu bildirdikdən sonra ABŞ İrana zərbələr endirib.

Modern.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Amerika hərbi qüvvələri ötən gecə helikopterin vurulmasına cavab olaraq hücumlara başlayıb.

CENTCOM-un bəyanatında deyilir: “Bu əməliyyat İranın əsassız təcavüzünə mütənasib cavabdır”.

“Axios” nəşri ABŞ rəsmisinə istinadən xəbər verir ki, Amerika hərbi qüvvələri İranın bir neçə hava hücumundan müdafiə sistemi və radarlarını vurub.

Daha əvvəl verilən məlumata görə, İran çərşənbə günü səhər saatlarında Bəhreyn, Küveyt və İordaniyadakı ABŞ hərbi bazalarına ən azı dörd ballistik raket və bir neçə pilotsuz uçuş aparatı buraxıb.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazı ərazisində Amerikanın Apache döyüş helikopterini vurub.

“Ordumuz məni indicə məlumatlandırdı ki, iranlılar Hörmüz boğazında patrul xidməti aparan yüksək texnologiyalı Apache helikopterlərimizdən birini vurublar”, - Tramp özünün “Truth Social” platformasında yazıb.
“Helikopterdə iki pilot olub və hər ikisi sağ-salamatdır. Bununla belə, ABŞ bu hücuma cavab verməlidir”.

Tramp xəbərdarlıq edib ki, İrana cavab zərbələri “çox güclü” olacaq.

“Biz elə indi cavab veririk”, — deyən ABŞ prezidenti əlavə edib: “Bu, onların helikopterimizə etdiklərinə cavabdır və hesab edirəm ki, cavab çox güclü və təsirli olmalıdır. Elə də olur”.

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-ın yeni zərbələrini X sosial şəbəkəsində şərh edib.

“Döyüş meydanındakı məğlubiyyətlərinə baxmayaraq, ABŞ bizim qətiyyətimizi sınağa çəkməyə qərar verib. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”, - deyə o yazıb və əlavə edib: “Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”.

Daha sonra "Tasnim" agentliyi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını yayıb. Bəyanatda bildirilir ki, İran bölgədəki ABŞ obyektlərinə raketlər və pilotsuz uçuş aparatları göndərib.

Vaşinqton vaxtı ilə ötən gecə (Avropada səhər saatlarında) Hörmüz boğazı yaxınlığında helikopterin qəzaya uğraması barədə ilk olaraq anonim mənbələrə istinadən "New York Times" qəzeti məlumat verib. Az sonra Tramp da qəza faktını təsdiqləyib, lakin nə qəzet, nə də prezident helikopterin niyə düşdüyünü açıqlamayıb.

İran rəsmi şəkildə Amerika helikopterinin onun qüvvələri tərəfindən vurulduğunu bəyan etməyib. Bununla belə, Trampın açıqlamasından bir müddət sonra İran xarici işlər naziri Abbas Araqçı xarici hərbi qüvvələri Hörmüz boğazını və ətraf əraziləri tərk etməyə çağırıb və onların təhlükə ilə üzləşə biləcəyini bildirib.

“Hörmüz boğazı beynəlxalq sular deyil, İran və Oman arasında ortaq nəzarətdə olan ərazidir... Ərazimizə yaxın olan xarici qüvvələr öz insan səhvləri, adi qəzalar və ya atəş xəttində qalmaq riski səbəbindən daim təhlükə altındadırlar”, - o yazıb.

“Ona görə də riskləri azaltmağın ən yaxşı yolu onların buranı tərk etməsidir”, — deyə o əlavə edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV