Ermənistanda keçirilən parlament seçkiləri hakimiyyətin müxalifətə təzyiqi və Qərbin prosesə müdaxiləsi şəraitində baş tutub.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində deyib.
"Müxalifətə qarşı görünməmiş bir təzyiq var idi. Bir tərəfdən, bu, Ermənistan hakimiyyətinin bir konsepsiya olaraq açıq şəkildə həyata keçirdiyi addımdır. Digər tərəfdən isə Qərbin müdaxiləsidir ki, bu da mənim fikrimcə, seçki prosesləri kontekstində bu region üçün eyni dərəcədə görünməmiş xarakter daşıyırdı", - deyə XİN rəsmi qeyd edib.
Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 8-də səslərin hesablanmasının başa çatdığını elan edib. Seçkilərdə hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının qalib gəldiyi bildirilib.
Kreml isə daha sonra bəyan edib ki, Ermənistandakı seçkilərdə qeydə alınan qanunsuzluqlarla bağlı çoxlu sayda məlumat daxil olub. Bununla belə, rəsmi Moskva səsvermənin rəsmi yekun nəticələrini gözlədiyini bildirərək, hələlik respublikanın hökumət başçısını təbrik etməyib.
Töhfə Səməd