Fransa Prezidenti Emmanuel Makronun son vaxtlar qatıldığı rəsmi proqramlarda taxdığı mavi rəngli, əksedici pilot eynəkləri beynəlxalq ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Fransız liderin qapalı salonlarda, rəsmi diplomatik qəbullarda və hətta gecə tədbirlərində belə bu aksesuardan istifadə etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Modern.az xəbər verir ki, Makronun diplomatik protokollara sığmayan bu addımının pərdəarxası ilə bağlı həm tibbi, həm də siyasi iddialar mövcuddur.
E.Makron sözügedən eynəklərlə ilk olaraq Tayland Kralı Maha Vajiralongkorn və Kraliça Suthida ilə keçirdiyi rəsmi görüşdə, daha sonra isə Ölüm Cəzasına Qarşı 9-cu Dünya Konqresində görünüb. Fransız lider son olaraq NATO Sammiti çərçivəsində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın ev sahibliyi ilə təşkil olunan rəsmi qəbula da bu eynəklərlə qatılıb. Dövlət və hökumət başçılarının iştirakı ilə çəkilən rəsmi ailə fotosunda da Makronun eynəyini çıxarmaması beynəlxalq mətbuatda çaşqınlıq yaradıb.

Eynək seçimi ilə bağlı medianın suallarını cavablandıran Makron, bu addımına fərqli bir məna yükləyərək "Pələngin gözü" ifadəsini işlədib və bunun liderlik, qətiyyət və əzm rəmzi olduğunu iddia edib. Lakin imajmeykerlər və optik ekspertlər sözügedən mavi şüşələrin göz sağlığı üçün xüsusi bir qoruyucu funksiyası olmadığını, seçimin daha çox diqqət çəkmək məqsədi daşıdığını bildiriblər.
Fransa mətbuatının araşdırmalarından sonra Makronun "imaj" kimi təqdim etdiyi bu gedişin arxasında əslində məcburi tibbi səbəb dayandığı üzə çıxıb. Məlum olub ki, Yelisey sarayının rəhbəri subkonyunktival qansızma (gözdəki kapilyar damarların yırtılması) problemi yaşayır.
Tibb mütəxəssislərinin rəyinə görə, bu narahatlıq tamamilə zərərsizdir, hər hansı bir ağrıya səbəb olmur və görmə qabiliyyətinə təsir etmir. Gözdə vizual olaraq qırmızı ləkə yaradan bu hal adətən iki həftə ərzində öz-özünə keçib gedir və qalıcı fəsad buraxmır.