Ermənistanın Baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan hakimiyyət daxilində ciddi ittihamlarla üz-üzə qalıb.
Modern.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, iyunun 7-də keçirilən parlament seçkilərindən dərhal sonra Araik Arutyunyanın müavini, hakimiyyətin əsas "qara piarçısı" kimi tanınan Taron Çaxoyan Baş nazir Nikol Paşinyana geniş məzmunlu məruzə təqdim edib.
Məruzədə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki qərargahının fəaliyyəti ciddi tənqid olunub və bütün məsuliyyət aparat rəhbəri Araik Arutyunyanın üzərinə qoyulub.
İddialara görə, Arutyunyan seçicilərin səfərbər edilməsində uğursuzluğa yol verib, təşviqat kampaniyasını effektiv təşkil edə bilməyib, seçkilərin keçirilməsi üçün ayrılan vəsaitlərin mənimsənilməsinə şərait yaradıb.
Məktubda daha bir diqqətçəkən məqam seçki səslərinin hesablanması ilə bağlıdır. Çaxoyan Arutyunyanı "böhran ssenarisi"ni düzgün hazırlamamaqda günahlandırıb. Ermənistan KİV-ləri bu ifadənin əslində iyunun 8-nə keçən gecə baş verdiyi iddia olunan seçki nəticələrinin saxtalaşdırılması prosesinə işarə etdiyini yazır. Həmin gecə Mərkəzi Seçki Komissiyasının fəaliyyətində yaranan uzunmüddətli fasilələr də bu iddialarla əlaqələndirilir.
Məlumata görə, Taron Çaxoyanın əsas məqsədi Arait Arutyunyanın vəzifəsini tutmaqdır. Ermənistan mətbuatında yayılan iddialara əsasən, Araik Arutyunyan artıq istefa ərizəsini təqdim edib. Hələlik bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.