Ermənistanın yüksək texnologiyalar sənayesinin sabiq naziri Mxitar Ayrapetyan deputat mandatından imtina edib.
Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki siyahısında 36-cı sırada yer alan Ayrapetyan deputat mandatından imtina etməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib.
Mənbənin iddiasına əsasən, təkcə Ayrapetyan deyil, onun rəhbərlik etdiyi nazirlikdə çalışan komanda üzvləri, o cümlədən nazir müavinləri də istefa ərizələri yazırlar.
Qəzetin məlumatına görə, Mxitar Ayrapetyanın Ermənistan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olacağı ilə bağlı yayılan iddialar isə hələlik dəqiqləşməyib. Bildirilir ki, federasiyaya prezident seçkilərinin gələn ilin yazında keçirilməsi planlaşdırılır.