ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonun BMT-nin növbəti baş katibi olmasını arzulayır.
Modern.az xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.
Məlumata görə, 2026-cı ildə ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı zamanı Tramp və İnfantino arasında yaxın münasibətlər formalaşıb. Nəşr yazır ki, FIFA prezidenti ABŞ liderinin rəğbətini qazanmaq üçün ciddi səy göstərib. O, ötən ilin dekabrında Trampa FIFA-nın Sülh Mükafatını da təqdim edib.
Qəzetin mənbəsinin sözlərinə görə, Tramp İnfantinonun beynəlxalq aləmdə böyük hörmət qazandığını, insanları bir araya gətirmək bacarığına malik olduğunu düşünür və bu səbəbdən onun BMT-yə rəhbərlik edə biləcəyinə inanır.
Hələlik Trampın bu fikrini İnfantino ilə müzakirə edib-etmədiyi və FIFA prezidentinin BMT-nin baş katibi postuna namizəd olmaq niyyətində olub-olmadığı məlum deyil.
Qeyd edək ki, Canni İnfantino bu ilin aprelində 2027-ci ildə keçiriləcək seçkilərdə yenidən FIFA prezidenti vəzifəsinə namizəd olacağını açıqlayıb.
Xatırladaq ki, BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq.