Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Filippində keçirilən ASEAN tədbirləri çərçivəsində paytaxt Manilada görüşüblər.
Modern.az xəbər verir ki, görüşdən foto və videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında paylaşıb.
Sergey Lavrov bundan əvvəl Marko Rubio ilə görüşəcəyini açıqlamışdı. O bildirmişdi ki, görüş zamanı Rubionun Ankoric sammitinin nəticələri ilə bağlı səsləndirdiyi fikirlər, eləcə də ABŞ-ın Ukraynadakı münaqişənin nizamlanmasına dair mövqeyi müzakirə ediləcək.
Marko Rubio da görüşü təsdiqləyərək Vaşinqton üçün dialoqdan imtina etməyin "düşüncəsiz və məsuliyyətsiz addım" olacağını bildirib.
TASS agentliyinin məlumatına görə, tərəflər arasında keçirilən görüş təxminən 30 dəqiqə davam edib.
Xatırladaq ki, Rubio iyun ayında Alyaskada keçirilən sammitdə müxtəlif təkliflərin müzakirə olunduğunu, lakin heç bir razılaşmanın əldə edilmədiyini bildirmişdi. Onun sözlərinə görə, Ankoricdə razılıq əldə olunsaydı, Ukraynada hərbi əməliyyatlar artıq başa çatmış olardı.
Rusiya Prezidenti Vladimir Putin isə Donald Trampla keçirdiyi sammitdə heç bir yekun razılaşmanın əldə edilmədiyini, yalnız Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı müəyyən imkanların müzakirə olunduğunu söyləmişdi.