Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin məzmunu üzrə razılığa gəlib.
Modern.az xəbər verir ki, hazırda Aİ Şurasına sədrlik edən İrlandiyanın xarici işlər naziri Helen Makenti bildirib ki, yeni paket Rusiyanın gəlir mənbələrini daha da məhdudlaşdırmağa, "kölgə donanması"nın fəaliyyətini çətinləşdirməyə və təchizat zəncirlərini pozmağa yönəlib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə razılaşdırılmış paketin detallarını açıqlayıb. Onun sözlərinə görə, daha 32 Rusiya bankı qadağan olunmuş maliyyə əməliyyatları siyahısına əlavə ediləcək. Eyni zamanda, kriptovalyuta şirkətləri və neft ticarəti platformaları da sanksiyalara məruz qalacaq.
Bundan başqa, Rusiya nefti üçün tətbiq edilən qiymət tavanının dəyişdirilməməsi barədə qərarın müddəti daha bir il uzadılacaq. Yeni məhdudiyyətlər Rusiyanın "kölgə donanması"nı da hədəf alır.
Qeyd edək ki, Aİ ölkələri iyulun 13 və 22-də keçirilən müzakirələr zamanı paket üzrə razılıq əldə edə bilməmişdi. Buna səbəb üzv dövlətlər arasında sənədin məzmunu ilə bağlı fikir ayrılıqları olub.
"Politico" nəşri yazıb ki, danışıqların uzanmasına Yunanıstanın etirazları da təsir göstərib. Çünki yeni sanksiyaların qüvvəyə minməsi üçün Aİ-yə üzv 27 ölkənin hamısının yekdil razılığı tələb olunur.
Mübahisələrin həlli məqsədilə İrlandiya Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə ixracına 2029-cu ilin yanvarınadək icazə verilməsini, bununla yanaşı yeni müqavilələrin bağlanmasının qadağan edilməsini təklif edib.
Bundan əvvəl "Yevropeyskaya Pravda" nəşri mənbələrə istinadən bildirmişdi ki, sanksiyalar paketinin təsdiqi payıza qədər təxirə salına bilər. Məlumata görə, fikir ayrılıqları Rusiya balıqçılıq sektoruna məhdudiyyətlər, viza qadağaları və fərdi sanksiyalarla bağlı yaranmışdı.
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqlədi