Modern.az

İran bu ölkələri xəbərdar etdi: zərbə endirəcək

İran bu ölkələri xəbərdar etdi: zərbə endirəcək

Dünya

Bu gün, 08:25

ABŞ-ın İrana endirdiyi zərbələr fonunda Tehran regiondakı bir sıra ölkələrə xəbərdarlıq edib. Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper bəyan edib ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bəzi ölkələr və İordaniya İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak ediblər.

İsmayıl Bəqai bildirib ki, əgər ABŞ-ın bu iddiası həqiqətə uyğun deyilsə, adı çəkilən dövlətlər bunu rəsmi şəkildə təkzib etməlidirlər.

"Bu şəraitdə İran özünümüdafiə hüququndan istifadə edərək həmin ölkələrin ərazisində yerləşən ABŞ hərbi bazaları və obyektlərinə zərbələr endirərsə, bunun motivlərini sual altına almaq yalnız həqiqətləri təhrif etmək və ictimaiyyəti çaşdırmaq cəhdidir", - deyə o vurğulayıb.

Bəqai əlavə edib ki, bu ölkələrin öz ərazilərindən ABŞ-ın İrana qarşı hücumları üçün istifadə olunmasına imkan verməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları bu əməliyyatların iştirakçısına çevirir. Onun sözlərinə görə, bu addım həm də qonşuluq prinsiplərinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin kobud şəkildə pozulması hesab olunur.

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi