Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn hökumətləri ABŞ Prezidenti Donald Trampın İranla müharibənin başa çatmasına nail ola bilməməsindən narazıdır.
Modern.az xəbər verirki, bu barədə The Washington Post ərəb və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, bu ölkələrdən bəziləri ərazilərində ABŞ hərbi bazalarının bundan sonra saxlanılmasının nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə etməyə başlayıb.
“Tramp bu müharibəni başladı, amma onun bədəlini biz ödəyirik”, – deyə ərəb rəsmilərindən biri bildirib.
Onun sözlərinə görə, ABŞ-ın müttəfiqləri arasında narazılıq ABŞ və İsrailin fevral ayında İrana hücumlarından sonra ən yüksək həddə çatıb.
Son həftələrdə Tramp dəfələrlə İranı təhdid etsə də, daha sonra danışıqlarda irəliləyiş olduğunu əsas gətirərək əvvəlki açıqlamalarından geri çəkilib.
Bu arada, Fars körfəzi ölkələri hücumlardan əziyyət çəkməkdə davam edir. Xüsusilə Səudiyyə Ərəbistanı həm İranın, həm də Tehranın dəstəklədiyi Yəmən husilərinin hücumlarına məruz qalır.
Husilər həmçinin Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və dünya ticarətinin əsas marşrutlarından biri olan Babül-Məndəb boğazını bağlamağa çalışırlar.
İran müharibənin ilk günlərində Hörmüz boğazını blokladıqdan sonra Səudiyyə Ərəbistanı neft ixracı baxımından Qırmızı dənizdəki limanlarından daha çox asılı vəziyyətə düşüb.