Türkiyənin xarici işlər naziri Hakan Fidan Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, Fidan keçirdiyi görüşlərlə bağlı “NSosyal” hesabında paylaşım edib.
Nazir bildirib ki, bölgədəki son hadisələrlə bağlı diplomatik təmasları çərçivəsində Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.
“Görüşlərimizdə Qəzzada sülh planının həyata keçirilməsi zamanı ortaya çıxan problemləri və ata biləcəyimiz addımları müzakirə etdik”, – deyə Fidan qeyd edib.
Türkiyəli nazir görüşlər zamanı Suriyadakı son proseslərin də müzakirə edildiyini bildirib. O, Suriyada sülh və sabitliyin bərqərar olmasına yönəlmiş güclü dəstəklərini bir daha vurğuladıqlarını qeyd edib.
Hakan Fidan əlavə edib ki, telefon danışıqları zamanı Hörmüz boğazındakı vəziyyət və münaqişə tərəfləri arasında davam edən danışıqlarda son vəziyyət də nəzərdən keçirilib.
“Bölgəmizdə sülh və rifah istəyən üç qardaş ölkə olaraq əməkdaşlığımızı və koordinasiyamızı bütün sahələrdə gücləndirməyə davam edəcəyik”, – deyə Fidan bildirib.