Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın müharibəyə göndərilməkdən yayınmaq istəyən Rusiya vətəndaşlarını qəbul etməyə hazır olması barədə açıqlamasına sərt reaksiya verib.
Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın fikirlərini təxribat xarakterli adlandırıb.
Alen Simonyan avqustun 25-də “Dojd” telekanalına müsahibəsində Rusiyada mümkün yeni səfərbərlikdən yayınmaq istəyən vətəndaşların Ermənistana girişinə maneə yaradılmayacağını bildirib. Onun sözlərinə görə, sərhəddə həmin şəxslərdən ölkəyə gəlmə səbəbləri soruşulmayacaq və ehtiyac yaranarsa, Ermənistan hakimiyyəti onlara kömək göstərəcək.
Zaxarova isə Rusiyada mümkün səfərbərlik barədə məlumatların Moskva tərəfindən dəfələrlə təkzib olunduğunu vurğulayıb.
“Simonyanın açıqlamalarını təxribat xarakterli hesab edirik. Bu fikirlər Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar verir”, – diplomat bildirib.
Zaxarova Simonyanın sözlərini Ermənistan hakimiyyətinin “Qərbə və Kiyev rejiminə yarınmaq cəhdinin növbəti göstəricisi” adlandırıb. O, bu tip açıqlamaların Rusiya–Ermənistan əməkdaşlığına zərər vurduğunu iddia edib.
Qeyd edək ki, Alen Simonyan avqustun 13-də Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunub. O, bundan əvvəl beş il Ermənistan Milli Assambleyasının sədri olub.