İran Qətər ərazisində yerləşən ABŞ qüvvələrinə endirdiyi zərbələrin hərbi obyektləri hədəf aldığını bildirib.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlayıb.
Bəqai Qətər hökumətinin Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim etdiyi rəsmi sənədə istinad edərək deyib:
“İranın Qətərdə yerləşdirilmiş ABŞ qüvvələrinə qarşı müdafiə xarakterli zərbələri Amerikanın hərbi obyektlərinə yönəlib. Heç bir mülki obyekt hədəf seçilməyib”.
İran rəsmisinin sözlərinə görə, Qətərin qeyd etdiyi yeganə istisna martın 18-də qaz obyektinə hücumdur. Bəqai iddia edib ki, həmin gün vurulan müəssisələr ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının təmin edilməsində istifadə olunub.
XİN sözçüsü ABŞ-ni uzun illər ərzində məktəblər, xəstəxanalar, yaşayış məntəqələri, körpülər və digər mülki obyektlərə zərbələr endirməkdə ittiham edib.
“Ən ağır şəraitdə belə mənəvi və humanitar prinsiplərə əməl etməyin vacibliyini anlayan xalqla güc nümayiş etdirmək naminə hüququn aliliyini və etik normaları tanımayan müharibə qızışdırıcıları arasında böyük fərq var”, – Bəqai bildirib.
Qeyd edək ki, Qətər martın 18-də Ras-Laffan sənaye şəhərindəki qaz obyektinə İranın hücumunu kəskin şəkildə pisləyib. Qətər tərəfinin məlumatına görə, hücum ölkənin mayeləşdirilmiş təbii qaz ixrac imkanlarının 17 faizinin sıradan çıxmasına səbəb olub.