Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyənləşdirən fərman imzalayıb.
Modern.az xəbər verir ki, sənəd dövlət başçısının rəsmi saytında dərc olunub.
Fərmana əsasən, vitse-prezident Erlan Karin ölkənin daxili və xarici siyasəti üzrə strateji təşəbbüslərin hazırlanmasında iştirak edəcək. O, prezidentin tapşırığı ilə Qurultay, hökumət, dövlət qurumları, siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla əlaqələrdə dövlət başçısını təmsil edə biləcək.
Erlan Karin həmçinin Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayının katibliyinə rəhbərlik edəcək və prezident yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun fəaliyyətinə nəzarət edəcək.
Vitse-prezident vətəndaşlıq, dövlət təltifləri, xaricdə kadr hazırlığı, elm, ədəbiyyat və incəsənət sahəsində dövlət mükafatları, eləcə də gənclər siyasəti üzrə şura da daxil olmaqla, bir sıra prezident komissiyalarının fəaliyyətini təmin edəcək.
Fərmanla vitse-prezidentə müstəqil inzibati səlahiyyətlər də verilib. Karin öz səlahiyyətləri çərçivəsində sərəncamlar imzalaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verə, dövlət qurumlarından zəruri sənəd və məlumatları tələb edə, həmçinin idarələrarası işçi qrupları yarada biləcək.
Qeyd edək ki, Kasım-Jomart Tokayev avqustun 31-də Erlan Karini Qazaxıstanın vitse-prezidenti təyin edib. O, bu vəzifəyə qədər prezident administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.