Modern.az

Ermənistan prezidenti: Türkiyə ilə sərhədi istənilən an açmağa hazırıq

Ermənistan prezidenti: Türkiyə ilə sərhədi istənilən an açmağa hazırıq

Dünya

Bu gün, 21:10

"Ermənistan Türkiyə ilə sərhədin açılması üçün bütün zəruri addımları atıb və sərhəd-keçid məntəqələri insanların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətinə hazır vəziyyətə gətirilib".

Modern.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.

Onun sözlərinə görə, İrəvan Türkiyə ilə sərhədin istənilən vaxt açılmasına hazırdır.

Xaçaturyan qeyd edib ki, hazırda diplomatik prosesdə müəyyən fasilə yaranıb, lakin Ermənistan Ankara ilə münasibətlərin normallaşdırılması və bütövlükdə regionda sülhün təmin olunması üçün həll yolları axtarır.

Ermənistan prezidenti Türkiyə ilə sərhədin açılması məsələsinə Azərbaycanla münasibətlərin yaxşılaşdırılması kontekstində də baxıldığını vurğulayıb.

O bildirib ki, İrəvan daha əvvəl mərhələli addımlar, o cümlədən sərhədin diplomatlar və üçüncü ölkə vətəndaşları üçün açılmasını təklif edib.

Xaçaturyan Ermənistan-Türkiyə əməkdaşlığının praktiki nümunələri sırasında Ani körpüsünün birgə bərpasını və İrəvanda Ermənistan-Türkiyə biznes forumunun keçirilməsini göstərib.

Prezidentin sözlərinə görə, Qars-Axalkalaki dəmir yolu vasitəsilə həyata keçirilən ticarət artıq nəticə verir. O əlavə edib ki, Ermənistan məhsulları artıq vasitəçilər olmadan, birbaşa kodlarla Türkiyə bazarına daxil olur.

Xaçaturyan bildirib ki, Ermənistan qonşu ölkələrlə tamhüquqlu iqtisadi və siyasi münasibətlərin qurulması istiqamətində fəaliyyətini davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab