Modern.az

Qocaların sayı körpələrin sayını ötüb - TARİXDƏ İLK

Qocaların sayı körpələrin sayını ötüb - TARİXDƏ İLK

Dünya

Bu gün, 16:05

Tarixdə ilk dəfə qocaların sayı körpələrin sayını ötüb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosunun dünya əhalisinin yaş strukturu ilə bağlı hesabatında bildirilir.

Hesabata görə, dünya tarixində ilk dəfə 65 yaş və yuxarı insanların sayı 5 yaşdan kiçik uşaqların sayını ötüb. Buna əsas səbəb kimi dünyada doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması göstərilir. 2022-ci ildə 65 yaşdan yuxarı şəxslərin və 5 yaşdan kiçik uşaqların dünya əhalisində payı təxminən eyni - 10 faiz olub. Lakin bundan sonra yaşlı insanların payı artmağa, azyaşlı uşaqların payı isə azalmağa başlayıb.

Proqnozlara əsasən, 2060-cı ildə dünya əhalisinin 19,6 faizi 65 yaşdan yuxarı olacaq. 5 yaşdan kiçik uşaqların payı isə təxminən 7 faizə enəcək.

ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2023-cü ildə dünya əhalisinin 71 faizindən çoxu doğum səviyyəsinin əhalinin sadə təkrar istehsalı üçün tələb olunan göstəriciyə – qadın başına təxminən 2,1 uşağa – bərabər və ya ondan aşağı olduğu ölkələrdə yaşayıb. 2013-cü ildə bu göstərici 45 faiz təşkil edib.

Yaşlı əhalinin sayının da qarşıdakı illərdə kəskin artacağı gözlənilir. Belə ki, 65 yaşdan yuxarı insanların sayı 2025-ci ildəki 852 milyondan 2060-cı ildə 2 milyarda yüksələ bilər. Bu artım həmin dövrdə dünya əhalisinin ümumi artımının təxminən 55 faizini təşkil edəcək. Dünya əhalisinin 2025-ci ildəki 8,13 milyarddan 2060-cı ildə 10,23 milyarda çatacağı proqnozlaşdırılır.

Hazırda Avropa dünyanın ən yaşlı regionu olaraq qalır. Bununla belə, qarşıdakı onilliklərdə yaşlanmanın əsas kəmiyyət artımı Avropadan kənarda baş verəcək.

Asiyada 65 yaşdan yuxarı insanların sayının 487 milyondan 1,24 milyarda yüksələcəyi gözlənilir. Bu, dünyada yaşlı əhalinin artımının təxminən üçdə ikisinə bərabər olacaq. Afrika isə dünyanın ən gənc regionu olaraq qalacaq. Bununla belə, qitədə yaşlı insanların sayı 60 milyondan 249 milyona qədər artacaq və Avropadakı 214 milyon nəfərlik göstəricini keçəcək.

ABŞ-da isə 2025-ci ildə əhalinin 18,9 faizi 65 yaş və yuxarı şəxslərdən ibarət olub. Bu göstəricinin 2060-cı ildə 23,4 faizə yüksələcəyi proqnozlaşdırılır. Beləliklə, demoqrafik mənzərə dünyada doğum səviyyəsinin azalması və ömür uzunluğunun artması fonunda əhalinin sürətlə qocaldığını göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?