Yəmənin cənub-qərbində hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatı qüvvələri (husilər) arasında son günlər baş verən toqquşmalar nəticəsində 300-dən çox insan həlak olub.
Modern.az yerli mediaya istinadla xəbər verir ki, hökumət qüvvələrindəki hərbi mənbələrin məlumatına görə, şənbə və bazar günləri gedən döyüşlərdə 84 hökumət hərbçisi öldürülüb. Husilərə yaxın mənbələr isə eyni müddətdə qrupun 57 üzvünün öldürüldüyünü bildirib.
Yəmən Silahlı Qüvvələrinin Media Mərkəzi “X” platformasında yaydığı açıqlamada hökumət qüvvələrinin bazar günü bir sıra cəbhələrdə genişmiqyaslı hərbi əməliyyatlar keçirdiyi bildirilib. Əməliyyatlar zamanı bir sıra mövqelərin geri alındığı, habelə husilərin sızma cəhdlərinin qarşısının alındığı qeyd olunub.
Məlumata görə, əməliyyatlar nəticəsində Taiz şəhərinin qərbində bir sıra mövqelər geri alınıb və Hudeyda vilayətinin cənubunda isə yeni mövqelər möhkəmləndirilib. Əl-Bərh cəbhəsində isə üç istiqamətdən hücum həyata keçirilib.
Bundan başqa, bazar günü axşam Taizin qərbindəki əl-Dubab cəbhəsində husilərin sızma cəhdinin qarşısı alınıb. Bildirilib ki, toqquşma nəticəsində 20-dən çox husi öldürülüb və ya yaralanıb, həmçinin qrupun texnikasına ziyan dəyib.
Hökumət qüvvələrinin husilərin mövqelərinə qarşı hava zərbələrini də davam etdirdiyi bildirilir.