Rusiya Ukraynanın müxtəlif bölgələrində elektrik enerjisi istehsalı və ötürülməsi üzrə 15-dən çox mühüm obyektə zərbə endirib. Ən ağır vəziyyət Lutsk, Rivne və Jitomir şəhərlərində qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qüvvələri ötən gün Ukraynanın enerji infrastrukturuna ən güclü hücumlardan birini həyata keçirib. Hazırda zərər çəkmiş obyektlərdə bərpa işləri davam etdirilir.
Zelenski bildirib ki, ən mürəkkəb vəziyyət Lutsk, Rivne, Jitomir, Vinnitsa, Şepetivka, Slavuta və Netişin şəhərlərində yaranıb. Xarkov, Kiyev, Dnepropetrovsk və digər vilayətlərdəki enerji obyektləri də hücumlara məruz qalıb.
“Rusiya enerji infrastrukturuna qarşı əməliyyatının miqyasını genişləndirib və ehtiyatlarımızı, bərpa imkanlarımızı mümkün qədər çox istiqamətə yaymağa çalışır”, – deyə Ukrayna prezidenti qeyd edib.
Dövlət başçısının sözlərinə görə, ötən gün saat 19:00-dan bu gün səhər saat 07:00-dək Ukraynanın enerji infrastrukturu, şəhər və yaşayış məntəqələrinə qarşı 320-dən çox reaktiv və benzin mühərrikli “Şahid” dronu, eləcə də döyüş sursatları, qanadlı və ballistik raketlərdən istifadə olunub.
Zelenski bildirib ki, Ukrayna hərbçiləri hücum vasitələrinin əhəmiyyətli hissəsini zərərsizləşdirsələr də, Rusiyanın zərbələrinin kütləvi və fasiləsiz xarakter daşıması, xüsusilə enerji obyektlərinin hədəfə alınması ciddi fəsadlara səbəb olur.