Ukrayna Rusiyanın müxtəlif bölgələrinə, o cümlədən Sankt-Peterburq şəhərinə genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” və “Al Jazeera” məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, oktyabrın 18-nə keçən gecə ölkənin 15 regionu, ilhaq edilmiş Krım yarımadası və Qara dəniz üzərində ümumilikdə 1015 Ukrayna PUA-sı zərərsizləşdirilib.
Hücumlar nəticəsində Sankt-Peterburqdakı neft terminalında, Ruçi neft bazasında və bir sıra sənaye obyektlərində yanğınlar baş verib.
Şəhərin qubernatoru Aleksandr Beqlov hadisə nəticəsində azı bir nəfərin öldüyünü bildirib. “Reuters”in məlumatına görə, Sankt-Peterburq və Leninqrad vilayətində ümumilikdə 15 nəfər yaralanıb.
Bundan başqa, Rusiyanın “Ozon” şirkətinin logistika mərkəzində yanğın baş verib, VK internet şirkətinin məlumat mərkəzi isə PUA hücumuna məruz qalıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko region üzərində 145 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Hücumdan sonra vilayətdə təxminən 20 min sakin elektrik enerjisiz qalıb.
Sankt-Peterburq hava limanının fəaliyyəti də təhlükəsizlik səbəbindən müvəqqəti məhdudlaşdırılıb.
Beynəlxalq media hücumu Ukraynanın müharibə başlayandan bəri Rusiyaya qarşı həyata keçirdiyi ən genişmiqyaslı hava əməliyyatlarından biri kimi qiymətləndirir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin 1015 PUA-nın zərərsizləşdirilməsi barədə açıqlaması müstəqil şəkildə təsdiqlənməyib.