Modern.az

Fransada etiraz aksiyalarında 2400 nəfər saxlanıldı, yüzlərlə yaralı var

Fransada etiraz aksiyalarında 2400 nəfər saxlanıldı, yüzlərlə yaralı var

Dünya

Bu gün, 08:20

Fransada yaşayış xərclərinin artmasına və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsinə qarşı keçirilən kütləvi etiraz aksiyaları ciddi qarşıdurmalarla müşayiət olunub.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” məlumat yayıb.

Oktyabrın 17-də başlayan genişmiqyaslı aksiyalarda 550 mindən çox insan iştirak edib. Təşkilatçılar isə nümayişçilərin sayının 800 minə çatdığını bildiriblər.

Paytaxt Parislə yanaşı, Marsel, Lion, Bordo, Strasburq və digər şəhərlərdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Etirazlar zamanı avtomobillərə, mağazalara və dövlət binalarına ziyan vurulub.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 2400 nəfər saxlanılıb, 1000-ə yaxın polis əməkdaşı və jandarm yaralanıb.

Parisdə keçirilən nümayiş zamanı bir nəfər ürək tutmasından həyatını itirib. Rəsmilər ölüm hadisəsinin zorakılıqla əlaqəli olmadığını bildiriblər.

Limoges şəhərində XIX əsrə aid tarixi meriya binası yandırılıb. Ölkə üzrə təxminən 1500 ticarət obyektinə ziyan dəydiyi, iqtisadi itkilərin yüz milyonlarla avro təşkil etdiyi bildirilir.

Oktyabrın 18-də də Paris və Marseldə etirazçılarla polis arasında yeni qarşıdurmalar qeydə alınıb.

Fransa Prezidenti Emmanuel Makron xalqa televiziya müraciətində baş verən zorakılıq hallarını kəskin pisləyib. O, dinc etirazçıların qanuni tələbləri ilə dağıntı törədən şəxslərin hərəkətlərinin bir-birindən fərqləndirilməsinin vacibliyini vurğulayıb.

Makron hadisələrə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağını bildirib. Prezident təhlükəsizlik qüvvələrinin etirazlara hazırlığı ilə bağlı araşdırma aparılmasına da göstəriş verib.

Qeyd edək ki, Fransada etirazların əsas səbəbləri arasında qiymət artımı, təhsil sistemindəki problemlər və əhalinin sosial narazılığı göstərilir. Aksiyalara tələbə təşkilatları, həmkarlar ittifaqları və “Sarı jiletlilər” hərəkatının tərəfdarları qoşulublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində