“Avropanın siyasi sistemində insan hüquqları, demokratiya və fundamental azadlıqlar yalnız hüquqi prinsiplər deyil, həm də beynəlxalq münasibətlərin formalaşmasına təsir göstərən mühüm siyasi meyarlardır. Avropa İttifaqı uzun illərdir bu dəyərlərin müdafiəsini öz xarici siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edir”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, lakin son dövrlərdə Fransada baş verən hadisələr Avropa institutlarının həmin prinsiplərə münasibətinin nə dərəcədə ardıcıl olması barədə müzakirələri yenidən aktuallaşdırıb. Burada əsas məsələ təkcə ayrı-ayrı etiraz aksiyalarına verilən reaksiyalar deyil, Avropanın bəyan etdiyi dəyərlərlə onların praktik tətbiqi arasında uyğunluğun qorunmasıdır.
Sentyabr ayından Fransada başlayan şagird və tələbə etirazları qısa müddətdə daha geniş sosial narazılıq dalğasına çevrilib. Təhsil müəssisələrində mövcud problemlər, müəllim çatışmazlığı, sosial təminat məsələləri və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı tələblərə sonradan yaşayış xərclərinin artması, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və iqtisadi siyasətdən narazılıq da əlavə olunub. Oktyabrın 17-də keçirilən ümummilli nümayişlərdə Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 550 min nəfər iştirak edib. Təşkilatçılar isə bu rəqəmin 800 minə çatdığını bildiriblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, yalnız sentyabrın 21-dən oktyabrın 2-dək olan dövrdə 5 mindən çox şəxsin saxlanılması ölkədəki gərginliyin miqyasını göstərən faktlardan biridir.
Deputat bildirib ki, hadisələrin xüsusilə narahatedici tərəfi nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı həddindən artıq güc tətbiq edilməsi ilə bağlı iddialardır. Beynəlxalq hüquq müdafiə təşkilatları polis müdaxilələrinin mütənasibliyi, gözyaşardıcı qazdan, xüsusi vasitələrdən və digər güc tətbiqi üsullarından istifadə ilə əlaqədar ciddi narahatlıq ifadə ediblər. "Amnesty İnternational" Fransa hakimiyyətini dinc toplaşmaq hüququna hörmət göstərməyə, xüsusilə azyaşlı nümayişçilərin təhlükəsizliyini təmin etməyə çağırıb. Baş nazir Sebastyen Lekornyunun oktyabrın 14-də Senatda açıqladığı məlumata görə, etirazlar başlayandan bəri 937 polis və jandarm, təhsil sistemindən 149 əməkdaş və 248 şagird xəsarət alıb. Lens şəhərində 15 yaşlı yeniyetmənin polisin istifadə etdiyi səs-küy qumbarasının partlaması nəticəsində ağır yaralanması kimi hadisələr, eləcə də Milli Polisin Baş İnspeksiyasının (IGPN) bir sıra müdaxilələrlə bağlı başlatdığı araşdırmalar güc tətbiqinin hüquqi sərhədlərinin araşdırılmasının vacibliyini ortaya qoyur:
"Əlbəttə, dinc etiraz hüququ ilə zorakılıq, vandalizm və ictimai təhlükəsizliyə təhdid yaradan hərəkətlər arasında fərq qoyulmalıdır. Fransada nümayişlər zamanı ictimai obyektlərə hücumlar, yanğınlar, mağazaların talan edilməsi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının yaralanması faktları da qeydə alınıb. Dövlətin ictimai asayişi qorumaq öhdəliyi şübhə doğurmur. Lakin bu öhdəlik hüquq-mühafizə orqanlarına qeyri-məhdud səlahiyyət vermir. Demokratik idarəetmənin əsas meyarlarından biri təhlükəsizlik tədbirlərinin zərurilik, qanunilik və mütənasiblik prinsiplərinə uyğun həyata keçirilməsidir. Başqa sözlə, dövlət yalnız qanunu pozan şəxslərə qarşı tədbir görmək deyil, eyni zamanda qanuni hüquqlarından istifadə edən vətəndaşların müdafiəsini təmin etmək məsuliyyəti daşıyır" - deyən millət vəkili əlavə edib ki, məhz bu məqamda Avropa institutlarının mövqeyi xüsusi əhəmiyyət qazanır. Avropa Parlamenti müxtəlif ölkələrdə insan hüquqlarının vəziyyəti, etirazların dağıdılması və siyasi azadlıqların məhdudlaşdırılması ilə əlaqədar mütəmadi olaraq müzakirələr aparır, qətnamələr qəbul edir və hökumətlərə çağırışlar ünvanlayır. Belə fəaliyyət beynəlxalq hüquq müdafiəsi baxımından əhəmiyyətlidir. Lakin eyni prinsiplərin Avropa İttifaqının öz üzvlərinə münasibətdə necə tətbiq edilməsi də diqqətdən kənarda qalmamalıdır.
Deputat diqqətə çatdırıb ki, Avropa Parlamentinin oktyabrın 5–8-də Strasburqda keçirilən plenar sessiyasında yaşayış xərclərinin artması və əlçatan mənzil kimi sosial məsələlər müzakirə olunsa da, Fransadakı etirazlar və onların dağıdılması zamanı baş vermiş hadisələr gündəliyə ayrıca mövzu kimi daxil edilməyib:
“Bu, Avropa institutlarının hadisələrə tamamilə biganə qaldığı anlamına gəlməsə də, müəyyən suallar doğurur. Nümayişçilərə qarşı mümkün hüquq pozuntularının araşdırılması da digər ölkələrdəki oxşar hadisələr qədər prinsipial əhəmiyyət daşımalıdır.
Avropa Komissiyasının da bu məsələdə hüquqi və siyasi imkanları fərqləndirilməlidir. Polis fəaliyyətinə birbaşa nəzarət ilk növbədə milli dövlətlərin səlahiyyətindədir. Bununla yanaşı, Avropa institutlarının əsas hüquq və azadlıqların müdafiəsinə dair ümumi məsuliyyəti mövcuddur. Avropa Komissiyasının üzv dövlətlər üzrə hüququn aliliyinə dair müntəzəm qiymətləndirmələri də həmin məsuliyyətin həyata keçirilməsi mexanizmlərindən biridir”.
Sevinc Fətəliyevanın fikrincə, buna görə də əsas sual Brüsselin Fransadakı hadisələrə ümumiyyətlə reaksiya verib-verməməsindən daha genişdir:
“Avropa institutları hüquq pozuntuları ilə bağlı iddiaları ölkənin siyasi çəkisindən və beynəlxalq mövqeyindən asılı olmayaraq eyni obyektiv meyarlarla qiymətləndirə bilirlərmi? İkili standartlarla bağlı müzakirələrin mahiyyəti də məhz buradadır. İnsan hüquqları universal xarakter daşıyırsa, onların müdafiəsi coğrafi sərhədlərə və siyasi tərəfdaşlıq münasibətlərinə görə fərqlənməməlidir. Əks halda, hüquqi prinsiplərin siyasi məqsədlərlə seçici şəkildə tətbiq edildiyi barədə təsəvvür güclənə bilər. Bu isə Avropa institutlarının beynəlxalq müstəvidə irəli sürdükləri mövqelərin inandırıcılığına təsirsiz ötüşmür”.
Xanım parlamentari bildirib ki, Fransadakı proseslərin digər mühüm tərəfi onların Emmanuel Makronun siyasi mövqeyinə və Avropa İttifaqı daxilindəki təsir imkanlarına mümkün nəticələridir:
“Fransa Avropa inteqrasiyasının aparıcı dövlətlərindən biri, İttifaqın siyasi, iqtisadi və təhlükəsizlik siyasətinin formalaşmasında mühüm iştirakçıdır. Makron prezidentliyi dövründə Avropanın strateji muxtariyyəti, ortaq müdafiə imkanlarının genişləndirilməsi, iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsi və Avropa İttifaqının beynəlxalq münasibətlərdə daha müstəqil aktora çevrilməsi istiqamətində təşəbbüslərlə çıxış edib. Lakin beynəlxalq siyasi təsir yalnız dövlətin iqtisadi və hərbi potensialından asılı deyil. Bu təsirin mühüm mənbələrindən biri də siyasi rəhbərliyin ölkə daxilində sabitliyi təmin etmək, ictimai etimadı qorumaq və irəli sürdüyü təşəbbüslər üçün davamlı dəstək formalaşdırmaq qabiliyyətidir”.
Millət vəkili deyib ki, Fransada hazırda müşahidə olunan böhran məhz həmin amilləri ön plana çıxarır:
“2018-ci ildə başlayan “sarı jiletlilər” hərəkatı, sonrakı illərdə pensiya islahatları ətrafında yaranmış narazılıqlar, parlamentdəki siyasi parçalanma və indi yenidən genişlənən sosial etirazlar ölkədə uzun müddətdir davam edən struktur problemlərin mövcudluğunu göstərir. Bunlar ayrı-ayrı epizodlar olmaqla yanaşı, dövlət siyasəti ilə cəmiyyətin müəyyən təbəqələrinin gözləntiləri arasında formalaşmış ziddiyyətlərin müxtəlif təzahürləridir.
Xüsusilə 2024-cü ildə keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra yaranan siyasi mənzərə hökumətin qərar qəbul etmək imkanlarını mürəkkəbləşdirib. Büdcə məhdudiyyətləri, dövlət borcu və sosial xərclərlə bağlı mübahisələr isə hakimiyyətin manevr imkanlarına əlavə təzyiq göstərir. Bu şəraitdə sosial narazılığın genişlənməsi hökumətin həm iqtisadi islahatları həyata keçirməsini, həm də uzunmüddətli siyasi prioritetləri ardıcıl şəkildə müdafiə etməsini çətinləşdirə bilər”.

Deputat bildirib ki, məsələnin Avropa ölçüsü burada ortaya çıxır: "Makronun Avropa İttifaqında təşəbbüslər irəli sürməsi üçün yalnız siyasi iradə kifayət deyil. Həmin təşəbbüslərin həyata keçirilməsi digər üzv dövlətlərlə razılaşmalar, iqtisadi öhdəliklər və institusional kompromislər tələb edir. Daxili siyasi böhran dərinləşdikcə Fransa rəhbərliyinin diqqətinin və resurslarının daha böyük hissəsinin ölkədaxili problemlərin həllinə yönəlməsi ehtimalı artır. Bu isə Parisin Avropa gündəliyini müəyyənləşdirmək imkanlarına təsir göstərə biləcək amillərdəndir.
Bununla belə, Fransanın Avropa İttifaqındakı strateji çəkisinin avtomatik olaraq azalacağını düşünmək də doğru olmazdı. Ölkənin iqtisadi potensialı, diplomatik imkanları, təhlükəsizlik sahəsində rolu və Avropa inteqrasiyasındakı tarixi mövqeyi davam edir. Məsələ daha çox bu resursların mövcudluğunda deyil, onlardan siyasi nəticə əldə etmək üçün nə dərəcədə səmərəli istifadə olunmasındadır.
Bu baxımdan 2027-ci ildə Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində yaranmış vəziyyət xüsusi əhəmiyyət kəsb edir. Konstitusiyaya görə Makron ardıcıl üçüncü müddətə namizədliyini irəli sürə bilmədiyindən, söhbət əslində onun prezidentliyinin son ilində Avropa siyasətindəki irsinin və təsir imkanlarının qorunmasından gedir. Siyasi qüvvələr arasında fikir ayrılıqları təkcə daxili sosial-iqtisadi siyasətə deyil, həm də Avropa inteqrasiyasının gələcəyinə, Fransa ilə Brüssel arasındakı münasibətlərə və İttifaqın maliyyə prioritetlərinə aiddir. Avropa İttifaqının 2028–2034-cü illər üçün büdcəsi ətrafında aparılan danışıqlar bu ziddiyyətlərin konkret siyasi müstəviyə keçdiyini göstərir. Beləliklə, Fransadakı hadisələr artıq bir ölkənin daxili ictimai-siyasi gündəliyi ilə məhdudlaşmır. Onlar Avropa idarəçiliyinin bir neçə fundamental məsələsini eyni vaxtda aktuallaşdırır: demokratik institutlarla cəmiyyət arasında etimad, təhlükəsizliklə azadlıq arasındakı tarazlıq, sosial dövlət modelinin dayanıqlığı və Avropa İttifaqının beynəlxalq dəyərlər siyasətinin ardıcıllığı".
Deputatın sözlərinə əsasən, ən mühüm məqamlardan biri budur ki, Avropanın beynəlxalq nüfuzu yalnız başqa dövlətlərə ünvanladığı çağırışların sərtliyi ilə ölçülə bilməz:
“Bu nüfuz, ilk növbədə, bəyan edilən prinsiplərin öz daxilində nə dərəcədə təmin olunmasından asılıdır. İnsan hüquqlarının müdafiəsi siyasi münasibətlərə uyğun dəyişən yanaşma deyil, bütün dövlətlər üçün eyni hüquqi meyarlara əsaslanan prinsip olmalıdır.

Fransanın qarşısında duran əsas vəzifə isə ictimai asayişin bərpası ilə kifayətlənməyərək narazılığın sosial və siyasi səbəblərinə cavab vermək, hüquq pozuntuları barədə iddiaların şəffaf araşdırılmasını təmin etmək və cəmiyyətlə dövlət arasında etimadı gücləndirməkdir”.
"Nəticə etibarilə, Fransada davam edən böhran həm Emmanuel Makronun siyasi fəaliyyətinə, həm də Avropa institutlarının bəyan etdikləri dəyərlərə münasibətinə dair mühüm suallar ortaya qoyur. Bu suallara veriləcək cavab yalnız Parisin gələcək siyasi sabitliyi üçün deyil, Avropa İttifaqının beynəlxalq münasibətlərdə mənəvi və siyasi nüfuzunun qorunması baxımından da əhəmiyyət daşıyır. Çünki demokratik dəyərlərin gücü onların nə qədər tez-tez bəyan olunmasında deyil, mürəkkəb siyasi şəraitdə belə ardıcıl və bərabər şəkildə müdafiə edilməsində özünü göstərir" - deyə, Sevinc Fətəliyeva vurğulayıb.