“Avropa ölkələri ABŞ-nin İrana qarşı apardığı müharibənin iştirakçılarıdır”.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazir Avropa ölkələrini İrana qarşı hərbi əməliyyatlara dəstək verməkdə ittiham edib.
“Bir neçə həftə əvvəl NATO-nun Baş katibi Mark Rutte ABŞ hərbi təyyarələrinin Avropadakı aviabazalardan İrana qarşı əməliyyatlar üçün minlərlə uçuş həyata keçirdiyini açıqlayıb. Bu, avropalıların həmin müharibədə iştirak etdiyini göstərir”, – deyə Araqçi vurğulayıb.
İranın xarici işlər naziri Fransanın mövqeyini də sərt tənqid edib:
“Fransızlar müharibəni dəstəklədiklərini açıq şəkildə bildiriblər. Onlar Donald Trampa məktub yazaraq İrana qarşı müharibədə ona kömək edəcəklərini bəyan ediblər. İndi isə sosial böhranlarla üzləşdikdə bunun səbəbini iştirak etmədiklərini iddia etdikləri müharibənin nəticələri ilə izah edirlər”.
Araqçinin sözlərinə görə, Avropa ölkələri hazırda üzləşdikləri iqtisadi və sosial problemlərə görə öz siyasətlərini günahlandırmalıdırlar.
“Avropalılar reallığa göz açmalıdırlar. Bu gün qarşılaşdıqları iqtisadi və sosial böhranlar onların həm dünyada, həm Avropada, həm də bizim regionda həyata keçirdikləri yanlış siyasətin nəticəsidir”.
Nazir Qərb ölkələrinin mövcud qarşıdurmanı “sivilizasiyalar müharibəsi” kimi təqdim etmək cəhdlərini də tənqid edib.
“Onların indi ABŞ-nin ardınca yol verdikləri daha ciddi səhv bu münaqişəni sivilizasiyalar müharibəsi kimi göstərməyə çalışmalarıdır. Özlərinin yaratdıqları bataqlıqdan çıxmaq üçün tarixə müraciət edir, iranlıların nə vaxt onlara hücum etdiyini araşdırırlar. Məncə, bütün bunlar həm özlərini, həm də beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Heç bir sivilizasiyalar müharibəsi təşviq edilməməlidir və müasir dünyada belə müharibələrə yer olmamalıdır”.
Araqçi region ölkələrinin təhlükəsizliyində xarici hərbi qüvvələrin roluna da toxunub.
Onun sözlərinə görə, son müharibə göstərib ki, xarici qoşunların və ABŞ hərbi bazalarının region ölkələrinin ərazisində yerləşməsi onların təhlükəsizliyini təmin etməyib, əksinə, təhlükəsizlik risklərini artırıb.
“Bu bazalar nə yerləşdikləri ölkələri, nə də özlərini qoruya biliblər. Onların hamısı son müharibə zamanı ciddi zərbələrə məruz qalıb və dağıdılıb”, – deyə iranlı nazir iddia edib.
Araqçi sonda region dövlətlərinin xarici qüvvələrin iştirakı olmadan kollektiv təhlükəsizlik mexanizmləri yaratmasını dəstəklədiklərini bildirib.
“Biz region ölkələrinin öz qüvvələri hesabına təhlükəsizliyi təmin etməsinə və aralarında kollektiv təhlükəsizlik mexanizmlərinin yaradılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayırıq. Xarici qüvvələrin iştirakı və müdaxiləsi olmadan həyata keçirilən belə təşəbbüsləri düzgün istiqamətdə atılmış addım hesab edirik”.