Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ senatorlarından Donald Tramp administrasiyasının kəşfiyyat məlumatlarının ötürülməsi və silah tədarükünə qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasına nail olmalarını istəyib.
Modern.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenski hər iki partiyanı təmsil edən senatorlarla onlayn görüşdə Ağ Evin açıqlamalarına baxmayaraq, “Starlink” və “Starshield” peyk sistemlərinin hələ də məhdudiyyətlərlə işlədiyini bildirib.
Ukrayna lideri kəşfiyyat məlumatlarının mübadiləsinin də azaldığını deyib. Onun sözlərinə görə, ötən həftə ABŞ üç dəfə Rusiyanın ballistik raket zərbələri barədə Kiyevə əvvəlcədən xəbərdarlıq etməyib.
Zelenski həmçinin Pentaqon rəhbəri Pit Heqsetin “Patriot” sistemləri üçün raket-tutucuların və NASAMS kompleksləri üçün AIM-9X raketlərinin tədarükünə icazələri gecikdirdiyini bildirib. Onun sözlərinə görə, həmin silahların ödənişi artıq NATO ölkələri tərəfindən edilib.
Hava hücumundan müdafiə vasitələrinin çatışmazlığını aradan qaldırmaq üçün Zelenski ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə təklif də irəli sürüb. Təklif “Patriot” raketlərinin verilməsi müqabilində Rusiyanın neft emalı zavodlarına zərbələrə 30 günlük moratorium tətbiqini nəzərdə tutub.
Zelenskinin sözlərinə görə, bu təşəbbüs qarşı tərəfdə maraq doğurmayıb.