İran Hörmüz boğazının gəmilərin hərəkəti üçün yenidən açılmasını ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul etməsindən asılı hesab edir.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İraqın “Al-Iraqiya News” telekanalına müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Hörmüz boğazında gəmiçiliyin bərpası üçün Vaşinqton İranın tələblərini yerinə yetirməlidir.
“Mövqeyimiz tamamilə aydındır. Bu su yolundan keçməyə çalışan istənilən gəmi ciddi problemlərlə üzləşəcək. Razılaşmaların olmaması səbəbindən böyük təhlükəsizlik problemlərinin yaşandığı bir ərazidən gəmilərin keçməsinə ABŞ niyə ümumiyyətlə icazə verir?” – deyə Əraqçi bildirib.
İran XİN rəhbəri ölkəsinin iqtisadi sanksiyalara və hərbi təhdidlərə boyun əyməyəcəyini də vurğulayıb.
“İran heç bir halda nə iqtisadi sanksiyalara, nə də hərbi təhdidlərə təslim olacaq. Yeganə məqbul həll yolu diplomatiya və danışıqlardır”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Tehran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi maddədən ibarət təklif təqdim edib. Tələblər arasında İran limanlarına tətbiq olunan blokadanın aradan qaldırılması, neft ixracına qarşı sanksiyaların ləğvi və regionda hərbi əməliyyatların dayandırılması da var.
İran tərəfi bildirib ki, Vaşinqton şərtləri qəbul edərsə, Hörmüz boğazının altı gün ərzində açılması, növbəti gün isə danışıqların bərpası mümkündür.