ABŞ Prezidenti Donald Tramp iddia edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərində rus qoşunları magistral yolla hərəkət etsəydilər, bir neçə saat ərzində Kiyevə çata biləcəkdilər. Onun sözlərinə görə, hərbi komandanlığın qərarı nəticəsində tanklar asfalt yoldan çıxaraq palçığa batıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Rusların min tankı beton magistral yolla hərəkət edirdi. Tankların maksimal sürəti ilə – saatda düz 48 mil (təxminən 77 kilometr) sürətlə getsəydilər, Ukraynaya dörd saata çata bilərdilər. Onları heç nə dayandıra bilməzdi. Müharibə bir günə başa çatardı”, – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Rusiya ordusunun adını bilmədiyi bir generalı magistral yoldan çıxaraq kənd təsərrüfatı sahələrinə, daha sonra isə Kiyev istiqamətinə dönmək qərarına gəlib. Halbuki qoşunlar yollarla hərəkəti davam etdirə bilərdilər.
“Bu, tamamilə axmaq qərar idi. Həmin generalın kim olduğunu heç bilmirəm. Onun hələ də xidmətdə olduğuna şübhə edirəm. Hətta ümumiyyətlə, sağ olduğuna da şübhə edirəm”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Rusiya qoşunları magistral yolla hərəkət etsəydilər, üç saat yarım-dörd saata Kiyevə çata və müharibəni başa çatdıra bilərdilər. Lakin onun iddiasına görə, yoldan çıxan tanklar palçığa bataraq hərəkətsiz qalıblar.
Jurnalistlərin münaqişə ilə bağlı digər suallarını cavablandıran Tramp hərbçilər arasında itkilərin miqyasına yenidən etirazını bildirib.
“Hər ay minlərlə əsgər həlak olur. Bu, indiyədək eşitdiyim ən ağılsız şeydir. Bütün bunlar nəyə lazımdır?” – deyə o bildirib.
Mətbuat nümayəndələri ilə söhbət zamanı Trampa Rusiyada saxlanılan amerikalı müəllim Stiven Hubbardı azad etmək üçün razılaşmanın əldə olunmasına ABŞ-ın nə dərəcədə yaxın olduğu da soruşulub.
Tramp məsələ ilə bağlı təfərrüatları açıqlamaq istəməyib.
“Sadəcə mənə etibar edin. Bunu indiyədək heç kim bacarmayıb. Sadəcə mənə etibar edin. Bu barədə danışmaq istəmirəm”, – deyə ABŞ prezidenti cavab verib.