Ermənistanın xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan sərhədini keçən çobanlarla bağlı hadisələrin baş verə biləcəyini bildirib. Onun sözlərinə görə, tərəflər bu cür hallara konstruktiv yanaşırlar.
Modern.az xəbər verir ki, Mirzoyan bu barədə oktyabrın 21-də parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında danışıb.
Nazir azərbaycanlı bir çobanın Ermənistanın dövlət sərhədini keçməsi barədə məlumatı şərh edib.
“Belə hallar bəzən baş verir. Azərbaycanlı çoban da yolunu azaraq sərhədi keçə bilər. Bununla belə, bu, bizim tərəfdən də baş verə bilər. Hər iki tərəf bu cür hallara konstruktiv yanaşır”, – deyə Mirzoyan bildirib.
Nazir Şəki hadisəsinə bənzər insidentlərin də baş verə biləcəyini qeyd edib və belə vəziyyətlərdə tərəflərin münasibətini müsbət qiymətləndirib.
“Şəki hadisəsinə bənzər hallar da baş verə bilər. Burada da yanaşmaların kifayət qədər adekvat olduğunu qeyd etmək lazımdır”, – deyə o vurğulayıb.
A.Mirzoyanın sözlərinə görə, real həyatda bu cür vəziyyətlərin qarşısını tamamilə almaq mümkün deyil. Onun fikrincə, buna yalnız sərhəd boyunca divar tikməklə nail olmaq olar.
“Ümid edirəm ki, divarlar tikməyə başlamayacağıq və daha çox birgə həll yollarına gələcəyik”, – deyə Ermənistan XİN rəhbəri bildirib.
O, belə hadisələrin mənfi tərəflərinin də olduğunu bildiyini söyləyib və əlavə edib ki, bu kimi hallara görə bütün əlaqələri dayandırmaq, qapanmaq və yenidən münaqişəyə qayıtmaq Ermənistan üçün ən yaxşı yol deyil.
Xatırladaq ki, Ermənistan KİV-lərinin bu gün yaydığı məlumata görə, bu ölkənin ərasisinə keçən bir azərbaycanlı çoban saxlanılıb. Hadisə Ermənistanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində baş verib. Onun artıq İrəvana aparıldığı qeyd olunub.