Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-də ölkədə baş verən iğtişaşlarla bağlı təhlükəsizlik tədbirlərini müzakirə etmək üçün müşavirə keçirəcək. İclasda baş nazir Sebastyan Lekornü və daxili kəşfiyyat xidmətlərinin nümayəndələri iştirak edəcəklər.
Modern.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Müşavirədə həmçinin müvafiq sahələr üzrə nazirlər də iştirak edəcəklər. Telekanal toplantıya qatılacaq şəxslərin dəqiq siyahısını açıqlamayıb.
Müşavirənin məqsədi oktyabrın 17-də baş verən iğtişaşlarla bağlı prezidentə ətraflı məruzə təqdim etməkdir. Bundan əlavə, kəşfiyyatla təhdidlərin proqnozlaşdırılması və təhlükəsizliyin təmin olunması sahələrində görülməli tədbirlər müəyyənləşdiriləcək.
Bu tədbirlərin oktyabrın 24-nə, növbəti etiraz aksiyalarının keçirilməsi planlaşdırılan tarixə qədər, eləcə də qarşıdakı həftələr ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl daxili kəşfiyyat xidmətlərinin iğtişaşlara hazırlıqsız yanaşması və hüquq-mühafizə orqanlarının mümkün hadisələrə lazımi səviyyədə hazır olmaması ilə bağlı tənqidlər səsləndirilib.
Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb. Bu rəqəm güc strukturlarının analitiklərinin əvvəlki proqnozlarını iki dəfə üstələyib.
Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib.
Fransanın daxili işlər naziri Loran Nünyez isə hakimiyyətin talan və qarətlərdə iştirak edən şəxslərin hamısının məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.