Rusiya Prezidenti Vladimir Putin hökumətdə bir sıra kadr dəyişiklikləri ilə bağlı fərmanlar imzalayıb. Dəyişikliklər çərçivəsində beş yeni hökumət üzvü təyin edilib, Baş nazirin müavinlərinin sayı artırılıb, bir sıra yüksək vəzifəli şəxslərin isə səlahiyyətlərinə xitam verilib.
Modern.az xəbər verir ki, yeni təyinatlar Rusiya Dövlət Dumasının namizədləri təsdiqləməsindən sonra rəsmiləşdirilib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Vladimir Putin hökumət aparatının rəhbəri – Baş nazirin müavini Dmitri Qriqorenkonu tutduğu vəzifədən azad edib.
Putinin digər fərmanı ilə Yuri Trutnev də Baş nazirin müavini – Uzaq Şərq Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Dövlət başçısı onu özünün köməkçisi təyin edib.
Rusiya hökumətinin strukturunda yeni vəzifə – Baş nazirin müavini – maliyyə naziri postu təsis edilib.
Bununla əlaqədar 2024-cü ildə federal icra hakimiyyəti orqanlarının strukturu ilə bağlı imzalanmış fərmana dəyişiklik edilib. Əvvəlki sənəddə Baş nazirin 10 müavininin olduğu göstərilirdi. Yeni vəzifənin yaradılması ilə onların sayı 11-ə çatdırılıb.
Vladimir Putin bu posta Anton Siluanovu təyin edib. O, maliyyə naziri vəzifəsindən azad olunaraq yeni səlahiyyətlər əldə edib.
Putinin fərmanları ilə hökumətdə daha bir neçə mühüm təyinat həyata keçirilib.
2025-ci il iyulun 8-dən nəqliyyat naziri vəzifəsini tutan Andrey Nikitin Baş nazirin müavini təyin edilib.
İrina Okladnikova isə Baş nazirin müavini – hökumət aparatının rəhbəri vəzifəsinə gətirilib. O, bundan əvvəl maliyyə nazirinin birinci müavini olub.
Daha bir təyinat Uzaq Şərq Federal Dairəsi ilə bağlıdır. Primorsk diyarının qubernatoru vəzifəsində çalışmış Oleq Kojemyako Baş nazirin müavini – Uzaq Şərq Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib.
Kojemyako müxtəlif dövrlərdə Rusiyanın Uzaq Şərqində yerləşən dörd regiona rəhbərlik edib. Primorsk diyarından başqa, o, Koryak Muxtar Dairəsinin, Amur və Saxalin vilayətlərinin rəhbəri olub. Koryak Muxtar Dairəsi sonradan Kamçatka diyarının tərkibinə daxil edilib.
Nəqliyyat naziri vəzifəsinə isə Dmitri Yadrov təyin olunub. O, 2023-cü il sentyabrın 15-dən Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri idi.
Rusiya Nazirlər Kabinetinin yenilənmiş tərkibi ilk iclasına cümə axşamı toplaşacaq. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.