Rusiya və Ukrayna razılığa gələ bilər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində bildirib.
Putinin sözlərinə görə, Moskva ABŞ nümayəndələri ilə danışıqlar zamanı Kiyevlə üçtərəfli təmasların bərpasına hazır olduğunu bildirib.
"ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlarımıza gəlincə, bəli, üçtərəfli təmasları bərpa etməyə hazır olduğumuz barədə razılığa gəldik", – Putin deyib.
O qeyd edib ki, danışıqlarda sülh sazişləri əldə edildikdən sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə ediləcək. Putin əlavə edib ki, Rusiyanın təhlükəsizliyindən danışarkən bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasını nəzərə almamaq mümkün deyil.
Xatırladaq ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Moskvada Vladimir Putinlə danışıqlar aparıblar. Görüşün yekunlarına əsasən Vaşinqton administrasiyasının nümayəndəsi danışıqları "konstruktiv" adlandırıb.