ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərində qələbəsinin əlindən alındığını iddia edərək yenidən prezidentliyə namizəd olmaq hüququna malik olduğunu düşünür.
Modern.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Cənubi Dakota ştatının Si-Fols şəhərində çıxışı zamanı danışıb. O, ABŞ Konstitusiyasına 22-ci düzəlişin prezidentin neçə dəfə seçilə biləcəyini məhdudlaşdırdığını etiraf etsə də, seçkilərin saxtalaşdırıldığını iddia edib.
“Düşünürəm ki, qanun bunu nəzərdə tutur – 100 faiz əmin deyiləm, amma mənim fikrimcə, qanun yenidən namizədliyimi irəli sürməyimi qadağan edir. Bu müddəanın mətnini araşdırmışam... Onlar saxtakarlıq etdilər. Seçkiləri saxtalaşdırdılar. Demokratlar həmin seçkiləri saxtalaşdırdılar. Halbuki biz çox yaxşı nəticə göstərmişdik. Xeyr, biz üç dəfə qalib gəlmişik, amma nə isə... Hesab edirəm ki, yenidən namizədliyimi irəli sürmək hüququm var. Çünki onlar seçkiləri saxtalaşdırıblar”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Tramp bundan əvvəl də üçüncü dəfə prezidentliyə namizəd olmaq ehtimalına dəfələrlə işarə edib, sonradan isə belə bir imkanın olmadığını qəti şəkildə bildirib.
Noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının 435 üzvünün hamısı, eləcə də Senatın 35 üzvü seçiləcək. Onlardan 33-ü II sinif senatorlarının növbəti seçkilərində, ikisi isə Florida və Ohayo ştatlarında boş qalan yerlər üzrə xüsusi seçkilərdə müəyyənləşəcək.
ABŞ Konqresinə seçkilər iki mərhələdə keçirilir: əvvəlcə partiyadaxili ilkin seçkilər (praymeriz), daha sonra isə ümumi seçkilər baş tutur.
ABŞ prezidentinin seçiləcəyi növbəti ümumi seçkilər isə 2028-ci il noyabrın 7-də keçiriləcək.