Sel və digər təbii təsirlər nəticəsində zərər görmüş ərazilərdə fərdi yaşayış evlərinin bərpası istiqamətində yeni tədbirlər planı hazırlanıb.
Modern.az xəbər verir ki, plana əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən ümumilikdə 52 fərdi yaşayış evi yenidən tikiləcək.
Sənədə əsasən, tikinti işləri ölkənin bir neçə rayonunu əhatə edir. Ən çox evin yenidən inşası Xaçmaz rayonunda nəzərdə tutulub. Belə ki, bu rayonda 18 evin tikintisi planlaşdırılır. Quba rayonunda 13, Şabran rayonunda 6, Siyəzən rayonunda 5, Xızı rayonunda isə 5 ev yenidən tikiləcək.
Bununla yanaşı, Qusar rayonunda 4 fərdi yaşayış evinin yenidən inşası nəzərdə tutulur. Paytaxt Bakı şəhərinin Binəqədi rayonunda isə 1 evin tikintisi planlaşdırılır.
Qeyd edək ki, evlər əsasən sel sularının və digər təbii təsirlərin vurduğu ziyan nəticəsində yararsız hala düşdüyü üçün yenidən tikilir.
Eyni zamanda sənəddə Bakı şəhərinin Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında istinad divarlarının tikintisinin də həyata keçiriləcəyi bildirilir.