Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemi olan şəxslərin avtomobil idarə etməsinin ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxara biləcəyi barədə bir daha xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, qurumdan bildirilib ki, son günlər analoji qəza halları müşahidə olunur.
Lənkəran rayon sakini Elşad Salayevin idarə etdiyi “VAZ” markalı avtomobil Liman şəhəri ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi qəfil yoldan çıxaraq ağaca çırpılıb.
Eyni zamanda Sabunçu rayonu Maştağa qəsəbəsində də oxşar yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Bakı sakini Davud Salamovun idarə etdiyi “Ford” markalı avtomobil hərəkət zamanı idarəetməni itirərək yoldan çıxıb və yaxınlıqdakı ticarət obyektinə zərər vurub.
Hər iki hadisədə sürücülərin ürək çatışmazlığından əziyyət çəkdiyi və həyatlarını itirdiyi bildirilir.
BDYPİ son vaxtlar havaların isinməsi fonunda belə halların artmasının narahatlıq doğurduğunu vurğulayıb. Qurum sürücülərə səhhətlərində ciddi problem olduğu halda sükan arxasına keçməmələri barədə çağırış edib.
Qeyd olunub ki, hərəkət zamanı qəfil səhhət pisləşməsi nəqliyyat vasitəsi üzərində nəzarətin itirilməsinə, nəticədə isə ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi həm sürücüləri, həm də onların yaxınlarını bu cür hallara qarşı diqqətli olmağa çağırıb.