Modern.az

Ayıq Olun: Kommunal ödəniş tələb edənlər dövlət əməkdaşı olmaya bilər

Ayıq Olun: Kommunal ödəniş tələb edənlər dövlət əməkdaşı olmaya bilər

Hadisə

Bu gün, 16:36

Bir müddət əvvəl özünü Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşı kimi qələmə verib, ofislərdən guya kanalizasiya xətlərinin təmiri üçün pul tələb edən şəxs barədə məlumat dərc etmişdik. Həmin vaxt ADSEA ilə əlaqə saxlayaraq belə bir əməkdaşının olmadığını və bir dövlət qurumu olaraq vətəndaşlardan nağd pul toplamadığını üzə çıxarmışdıq.

Bənzər hadisə cari ilin may ayının 7-də paytaxtın Yasamal rayonunda təkrar olunub. 

Modern.az-a daxil olan şikayətə əsasən, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən binalardan birində fırıldaqçılıq faktı qeydə alınıb. Naməlum şəxs mənzilə yaxınlaşaraq özünü su idarəsinin əməkdaşı kimi təqdim edib. Həmin vaxt evdə tək olan 77 yaşlı təqaüdçü Kəmalə Qadımxanova əvvəlcə qapını açmaq istəməyib. Lakin gələn şəxs israrla qapını döyərək su sayğacının təcili dəyişdirilməli olduğunu, əks təqdirdə su xəttinin kəsiləcəyini bildirib.

Təhdid xarakterli xəbərdarlıqlardan sonra K.Qadımxanova qapını açmağa məcbur qalıb. Sözügedən şəxs yaşlı qadını sayğacın dəyişdirilməsinə inandırmağa çalışıb və ondan 176 AZN nağd pul alıb. Daha sonra ona saxta əlaqə nömrəsi verərək, lazımi avadanlıqlar gətirmək bəhanəsi ilə uzaqlaşıb.

Aldadıldığını anlayan vətəndaş faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Hazırda "saxta əməkdaş"ın şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində araşdırmalar davam edir.

ADSEA  bu növ hallara qarşı son dərəcə ehtiyatlı olmağa çağırıb:

“Vətəndaşlardan xahiş edirik ki, belə hallara qətiyyən inanmasınlar. Rəsmi qurumun heç bir əməkdaşı vətəndaşdan qapıda nağd pul ödənişi tələb etmir. Agentliyin bütün xidmət və təmir işləri daxili nizamnamə və rəsmi dövlət təminatı ilə həyata keçirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV