FHN-in komandaları III Dünya Korporativ Oyunlarında uğur qazanıblar
Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında yüksək nəticələr əldə ediblər.
Modern.az xəbər verir ki, 5-7 iyun 2026-cı il tarixlərində təşkil olunan yarışlarda 180 komandadan 1500-ə yaxın idmançı müxtəlif idman növləri üzrə mübarizə aparıb.
Yarışlarda Azərbaycanı təmsil edən FHN-in kişilərdən ibarət voleybol komandası keçirdiyi 6 oyunun hamısında uğurlu nəticə göstərərək finala yüksəlib. Həlledici görüşdə Rusiyanın “ROSTEK” komandası ilə qarşılaşan təmsilçilərimiz rəqibini 2:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olublar.
FHN-in kişilərdən ibarət 3x3 basketbol komandası da yarışları qələbə ilə başa vurub. Komanda keçirdiyi 5 oyundan sonra finala vəsiqə qazanıb və son görüşdə Mərakeşin “FOUNDEVER 1” komandasını 11:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bundan başqa, FHN əməkdaşı, gizir Əli Bayramov stolüstü tennis yarışlarında 6 oyun keçirərək bürünc medal qazanıb.
Qaliblər kubok, medal və diplomlarla təltif olunublar.