Argentina millisinin kapitanı Lionel Messiyə 2026-cı il dünya çempionatı zamanı iki dəfə konkret ölüm təhdidi daxil olub.
Modern.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri Federal Təhqiqat Bürosundan (FTB) sızdırıldığı bildirilən məlumatlara istinadən yazıb.
Məlumata görə, hər iki təhdiddə bomba istifadə ediləcəyi bildirilib. Təhdidlərdən birində isə odlu silahdan da istifadə olunacağı iddia edilib.
DÇ-2026 üçün ABŞ-da yaradılan Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzi (IPCC) turnirin bir neçə ulduz futbolçusuna qarşı təhlükəsizlik təhdidlərinə reaksiya verib. Sənədlərə əsasən, Messi digər futbolçulardan daha çox olmaqla iki dəfə konkret təhdidin hədəfi olub.
İyunun 27-də Dallasta keçirilən Argentina–İordaniya qrup mərhələsi matçından (3:1) əvvəl şübhəli şəxsin Texasın böyük şəhərindəki hava limanına zəng etdiyi bildirilir.
“Marca”nın yazdığına görə, zəng edən şəxs iki nəfərlə birlikdə stadiona hücum edəcəyini və onların bomba və AR-15 tipli tüfənglərinin olduğunu iddia edib. O, məqsədinin Messini öldürmək olduğunu bildirib.
On gün sonra, Argentina–Misir matçından (3:2) əvvəl isə şübhəli şəxsin sosial şəbəkədə Messiyə qarşı yeni təhdid paylaşdığı iddia olunur.
Polis sənədlərində həmin oyun zamanı başqa bir şəxsin tribunadakı zibil qutularında üç bomba yerləşdirdiyini bildirdiyi də qeyd olunur. Hadisədən dərhal sonra xidmət itləri ilə aparılan axtarış zamanı heç bir partlayıcı qurğu aşkarlanmayıb.