Avropa futbolunun əsas qurumları səfər azarkeşlərinin kollektiv şəkildə stadionlara buraxılmasının qadağan edilməsinə qarşı çıxıb.
Modern.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, UEFA, Avropa Futbol Klubları, “Football Supporters Europe” və “European League” səfər azarkeşlərinin futbolun vacib hissəsi olduğunu və azsaylı şəxslərin hərəkətlərinə görə bütün qrupun cəzalandırılmamalı olduğunu bildiriblər.
Bu mövqe Madriddə keçirilən UEFA Təhlükəsizlik və Mühafizə Konfransında səfər azarkeşləri və kollektiv qadağaların tətbiqi ilə bağlı müzakirələrdən sonra qəbul edilib.
Qurumların birgə bəyanatında deyilir: “Zorakılığın, iğtişaşların və digər qayda pozuntularının qarşısını almağa yönələn tədbirlər bütövlükdə azarkeş qruplarına deyil, məsul şəxslərə qarşı tətbiq edilməlidir”.
Bildirilib ki, kollektiv qadağalar təhlükəsizliklə bağlı problemlərə qarşı adi tədbirə çevrilməməlidir. Belə qadağalar yalnız ciddi ictimai təhlükəsizlik və ya asayiş risklərinin daha yüngül tədbirlərlə aradan qaldırıla bilmədiyini göstərən sənədləşdirilmiş sübutlar olduqda nəzərdən keçirilə bilər.