“Sabah” UEFA Çempionlar Liqasının yeni formatı dövründə diqqətçəkən göstəriciyə imza atıb. Bakı təmsilçisi klubun yaranma tarixinə görə yeni formatda təsnifat play-off mərhələsini keçərək liqa mərhələsinə yüksələn ən gənc komandadır.
Modern.az Çempionlar Liqasında 36 komandalı yeni liqa formatının tətbiqindən sonra play-off səddini aşan klubların yaranma tarixlərini araşdırıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında yeni format ilk dəfə 2024/2025 mövsümündə tətbiq olunub. Əvvəlki qrup mərhələsi ləğv edilərək 36 komandanın iştirak etdiyi vahid liqa mərhələsi yaradılıb.
2024/25, 2025/26 və 2026/27 mövsümlərinin təsnifat play-offlarının nəticələrinin müqayisəsi göstərir ki, bu müddətdə həmin mərhələni keçən 21 klub arasında ən gənci Azərbaycanın “Sabah” klubudur.

“Sabah” – 2017
“Sabah” Futbol Klubu 8 sentyabr 2017-ci ildə yaradılıb. Klub 2017/18 mövsümündə Birinci Divizionda çıxış edib, növbəti mövsümdən Premyer Liqaya yüksəlib.
Bakı təmsilçisi 2026/27 mövsümünün Çempionlar Liqasının play-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubu ilə qarşılaşıb.
İlk oyunda 1:2 hesabı ilə uduzan “Sabah” avqustun 25-də keçirilən cavab qarşılaşmasında rəqibini əlavə vaxtdan sonra 5:2 hesabı ilə məğlub edib. Azərbaycan çempionu iki oyunun nəticəsinə görə 6:4 hesablı üstünlüklə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.
Maraqlıdır ki, həmin vaxt “Sabah”ın 9 yaşı belə tamam olmamışdı. Klub play-off səddini yaranmasından təxminən 8 il 11 ay sonra keçib.
Bu göstərici Çempionlar Liqasının yeni formatı dövrünün rekordudur.

İkinci ən gənc – “Pafos”
Siyahının ikinci pilləsində Kiprin “Pafos” klubu qərarlaşıb.
“Pafos” 2014-cü ildə yaradılıb. Klubun rəsmi məlumatında onun Pafos şəhərinin tarixi futbol komandalarının birləşməsi nəticəsində yaradıldığı göstərilir.
Kipr klubu 2025/26 mövsümünün play-offunda Serbiyanın “Srvena Zvezda” komandasını mübarizədən kənarlaşdırıb. “Pafos” səfərdə 2:1 qalib gəlib, cavab görüşündə isə 1:1 hesablı heç-heçə edərək ümumi hesabda 3:2 üstün olub.
Beləliklə, “Pafos” təxminən 11 yaşında Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

“Kopenhagen” üçüncü yerdədir
Yeni format dövründə play-offu keçmiş üçüncü ən gənc klub Danimarkanın “Kopenhagen” komandasıdır.
“Kopenhagen”in rəsmi yaranma tarixi 1 iyul 1992-ci ildir. Klub KB və B1903 komandalarının əməkdaşlığı əsasında yaradılıb.
Danimarka çempionu 2025/26 mövsümünün play-offunda “Bazel”lə ilk oyunda 1:1 hesablı heç-heçə edib, cavab qarşılaşmasında isə 2:0 qalib gəlib. Bununla “Kopenhagen” 3:1 ümumi hesabla liqa mərhələsinə vəsiqə qazanıb.
Həmin vaxt klubun 33 yaşı var idi.
Nicat Rüstəm