Lionel Messinin “Barselona” klubunda geyindiyi 10 nömrəli forması və imzalı kapitan sarğısı Fransada baş verən kütləvi iğtişaşlar zamanı Parisdəki futbol muzeyindən oğurlanıb.
Modern.az xəbər verir ki, məlumata görə, maskalı şəxslər muzeyə daxil olaraq iki tarixi eksponatı aparıblar.
Oğurlanan əşyalar arasında argentinalı futbolçunun forması və “Barselona”da çıxış etdiyi dövrdə taxdığı kapitan sarğısı da var.
Hadisə sosial şəbəkələrdə sürətlə yayılan çoxsaylı videolarda əks olunub. Kadrlarda “Black Blocs” radikal qrupunun üzvləri hər iki nadir idman eksponatının saxlanıldığı çərçivələri nümayiş etdirirlər.
Qeyd edək ki, oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına və təhsil sistemindəki problemlərə qarşı kütləvi nümayişlər keçirilib. Bir sıra şəhərlərdə etirazlar polislə toqquşmalara və iğtişaşlara çevrilib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalara təxminən 550 min nəfər qatılıb. Onlardan 110 mini Parisdə toplaşıb. Təşkilatçılar isə ölkə üzrə iştirakçıların sayının 800 mini keçdiyini bildiriblər.
Genişmiqyaslı iğtişaşlar etirazçıların sosial tələblərini kölgədə qoyub. Hadisələr paytaxtda ciddi maddi ziyanla və gücləndirilmiş polis nəzarəti ilə nəticələnib.