"Forbes" jurnalı Rusiyanın ən varlı iş adamlarının yeni siyahısını təqdim edib.
Modern.az-ın məlumatına görə, siyahıda ümumilikdə 155 milyarderin adı yer alıb.
Ən varlı rus iş adamlarının ilk beşliyində aşağıdakı şəxslər qərarlaşıb:
Aleksey Mordaşov – 37 milyard dollar
Vladimir Potanin – 29,5 milyard dollar
Vahid Ələkbərov – 29,5 milyard dollar
Leonid Mixelson və ailəsi – 28 milyard dollar
Süleyman Kərimov və ailəsi – 25,7 milyard dollar
Siyahıdan göründüyü kimi, Rusiyanın üçüncü ən varlı şəxsi "Lukoyl"un keçmiş sahibi, “Gələcəyimiz” Fondunun İctimai Şurasının sədri, azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.
Bununla yanaşı, siyahıda daha üç Azərbaycan əsilli milyarder də adı yer alıb – Zarax İliyev, Qod Nisanov və Fərhad Əhmədov.
Zarax İliyev 5,1 milyard dollarlıq sərvətlə 37-ci pillədə qərarlaşıb. O, “Kiyevskaya ploşad”ın həmtəsisçisidir. 2022-ci ildə “Kiyevskaya ploşad” şirkəti Kazan vağzalının yaxınlığında yerləşən ərazidə ikinci qastro-kvartal – “Depo Tri vokzala”nı istifadəyə verib. 2024-cü ildə isə şirkət Mərkəzi Uşaq Mağazası (Lubyanka) binasını satın alıb. Obyektin sahəsi təxminən 70 min kvadratmetrdir.
5,1 milyard dollarlıq sərvəti ilə 38-ci yerdə qərarlaşan Qod Nisanov da Zarah İliyevin partnyorudur. O, “Yevropeyski”, “Şyolkovski”, “Moskva-Tyan’ya” avtomobil ticarət mərkəzi, “Fud Siti” aqroklasteri, “Depo” və “Mərkəzi bazar” qastro-mərkəzləri, həmçinin Radisson Collection Hotel Moscow (“Ukrayna”) hoteli və “Radisson Royal” kimi iri aktivlərə sahib olan “Kiyevskaya ploşad” qrupunun həmsahibidir.
Siyahıda 86-cı yeri tutan Fərhad Əhmədovun sərvəti 1,7 milyard dollar qiymətləndirilir. O, 2012-ci ilin noyabrında “Northgaz” şirkətindəki səhmlərinin 49 faizini Novatek şirkətinə 1,375 milyard ABŞ dollarına satıb. Əldə etdiyi vəsaitin bir hissəsini “Novatek”, “Lukoyl”, “Qazprom”, “Norilsk Nikel”, “Sberbank” və “Magnit” kimi iri şirkətlərin səhmlərinə yönəldib.