Azərbaycanda cərimə və digər məcburi ödənişlər zamanı vətəndaşlardan komissiya tutulmasının doğru deyil.
Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov sosial media hesabında paylaşım edib.
Azərbaycan Mərkəzi Bankında iqtisadçılarla görüş zamanı pul siyasəti, inflyasiya, maliyyə sabitliyi və vətəndaşları narahat edən iqtisadi məsələlər müzakirə olunub.
İqtisadçı qeyd edib ki, Azərbaycanda inflyasiyanın hesablanması zamanı 528 adda mal və xidmətin istifadə olunması müəyyən metodoloji suallar yaradır:
“Müqayisə üçün qeyd etdim ki, qonşu Gürcüstanda təxminən 300 məhsul və xidmət səbətindən istifadə edilir. Səbətin həddindən artıq geniş olması vətəndaşın gündəlik hiss etdiyi inflyasiyanın rəsmi göstəricilərdə tam əks olunmasına təsir göstərə bilər”.
Eldəniz Əmirov cərimə və digər məcburi ödənişlərlə bağlı komissiya haqlarına da toxunduğunu bildirib.
Onun sözlərinə görə, bu ödənişlərin qəbulu üçün aidiyyəti qurumlar ayrıca kassa infrastrukturu yaratmalı, kassirlər cəlb etməli və əlavə inzibati xərclər çəkməli olardılar:
“Bu proses banklar vasitəsilə həyata keçirilirsə və banklar həmin qurumların adından xidməti göstərirsə, xidmətin dəyərinin vətəndaşların deyil, ödənişi qəbul edən qurumların hesabına qarşılanması daha ədalətli yanaşma olar”.