ABB-nin Rusiyada törəmə bankı fəaliyyət göstərir və bank artıq uzun illərdir həmin bazarda idarəetmə təcrübəsinə malikdir.
Modern.az xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Onun sözlərinə görə, bankın vaxtilə Gürcüstanda da törəmə bankı olub:
“Daha sonra səhmdarların qərarı ilə həmin qurumun fəaliyyəti dəyişdirilərək investisiya və maliyyə yönümlü modelə keçirilib. Qərar ondan ibarət idi ki, bank mərhələli şəkildə böyüsün və maliyyə qurumu kimi fəaliyyət göstərsin. Bu model artıq özünü doğruldub”.
A.İbrahimov vurğulayıb ki, Gürcüstan bazarından çıxış prosesi illər əvvəl başa çatıb və sonrakı mərhələdə yalnız kreditlərin idarə olunması ilə məşğul olan kiçik struktur fəaliyyət göstərib:
“Bu, əsasən proseslərin idarə olunması məqsədi daşıyırdı. Həmin qərarı təxminən 7-8 il əvvəl vermişdik”.
Sədr əlavə edib ki, Rusiyadakı törəmə bank hazırda dayanıqlı fəaliyyət göstərir və əlavə maliyyə dəstəyinə ehtiyac duymur:
“Bankımız yaxşı gəlirlilik nümayiş etdirir və əlavə vəsait cəlbinə ehtiyac yoxdur. O, butik bank modeli ilə fəaliyyət göstərir, universal bank deyil. Rusiyadakı bankın əsas fəaliyyəti Azərbaycan-Rusiya arasındakı ticarət dövriyyəsinə xidmət göstərmək, eləcə də son illərdə fiziki şəxslərin köçürmələri istiqamətində əməliyyatları həyata keçirməkdən ibarətdir”, - deyə bank rəsmisi qeyd edib.