2025-ci il dövlət büdcəsinin icrası üzrə xərclərin strukturu açıqlanıb. Milli Məclisə təqdim olunan sənədə əsasən, ötən il dövlət büdcəsinin xərcləri 38 milyard 604 milyon 559 min 553 manat təşkil edib.
Modern.az məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət büdcəsindən ən böyük məbləğ müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldilib. Bu istiqamət üzrə xərclər 8 milyard 67 milyon 955 min 609 manat olub.
Büdcə xərclərinin istiqamətləri və alt istiqamətləri aşağıdakı kimi formalaşıb:
Ümumi dövlət xidmətləri – 4 milyard 456 milyon 155 min 2 manat. Bu bölmədə qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üçün 1 milyard 487 milyon 405 min 303 manat, beynəlxalq münasibətlərə 457 milyon 927 min 776 manat, xarici yardımlara 11 milyon 433 min 663 manat, elmə 199 milyon 355 min 488 manat, seçki və statistika tədbirlərinə 33 milyon 26 min 731 manat ayrılıb. Büdcələrarası transfertlər 167 milyon 477 min manat olub. Bunun 160 milyon manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiya, 7 milyon 477 min manatı isə bələdiyyələrə ayrılan dotasiya təşkil edib. Dövlət borcu üzrə xərclər 2 milyard 99 milyon 529 min 41 manat olub.
Müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 67 milyon 955 min 609 manat təşkil edib. Bunun 2 milyard 328 milyon 893 min 888 manatı müdafiə qüvvələrinə, 478 milyon 124 min 296 manatı milli təhlükəsizliyə, 556 milyon 963 min 415 manatı sərhəd xidmətinə yönəlib. Xüsusi müdafiə təyinatlı layihə və tədbirlərə isə 4 milyard 579 milyon 999 min 681 manat ayrılıb.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq istiqaməti üzrə 2 milyard 920 milyon 245 min 313 manat xərclənib. Bunun 2 milyard 306 milyon 532 min 458 manatı hüquq mühafizə sahəsinə yönəlib.
Təhsil sahəsinə 4 milyard 619 milyon 497 min 306 manat ayrılıb. Ümumi təhsil 2 milyard 306 milyon 934 min 452 manatla ən böyük paya sahib olub. Ali təhsil üçün 648 milyon 758 min 996 manat, məktəbəqədər təhsil üçün isə 449 milyon 764 min 520 manat ayrılıb.
Səhiyyə xərcləri 1 milyard 275 milyon 289 min 890 manat təşkil edib. Bunun 775 milyon 900 min 274 manatı icbari tibbi sığorta fonduna ayrılıb.
Sosial müdafiə və sosial təminata 4 milyard 554 milyon 198 min 650 manat vəsait yönəldilib. Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması üçün ayrılan vəsait isə 1 milyard 600 milyon manat olub.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyətlərə 527 milyon 121 min 787 manat ayrılıb.
Mənzil və kommunal təsərrüfat xərcləri 322 milyon 501 min 40 manat olub.
Kənd təsərrüfatına 1 milyard 120 milyon 933 min 666 manat yönəldilib. Bu vəsaitin 539 milyon 337 min 691 manatı meliorasiya tədbirlərinə sərf olunub.
Ətraf mühitin mühafizəsinə 374 milyon 138 min 174 manat ayrılıb. Bunun əsas hissəsi – 313 milyon 701 min 19 manat ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsinə yönəlib.
İqtisadi fəaliyyət istiqaməti üzrə xərclər 7 milyard 579 milyon 713 min 725 manat olub. Tikinti və şəhərsalmaya 6 milyard 88 milyon 573 min 12 manat, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına isə 3 milyard 781 milyon 899 min 168 manat ayrılıb.
Əsas bölmələrə aid edilməyən xərclər 2 milyard 786 milyon 809 min 391 manat təşkil edib. Bunun 1 milyard 611 milyon 608 min 557 manatı ehtiyat fondlarına yönəldilib. Dövlət büdcəsinin ehtiyat fondu 1 milyard 569 milyon 937 min 546 manat, Prezidentin ehtiyat fondu isə 41 milyon 671 min 11 manat olub.