2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 129,1 milyard manata çatıb, dövlət büdcəsi isə profisitlə icra olunub.
Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, ötən il ölkə iqtisadiyyatında müsbət dinamika davam edib. ÜDM 129,1 milyard manata çataraq 2024-cü illə müqayisədə real ifadədə 1,4 faiz, nominal ifadədə isə 2 faiz artıb. Qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 92,3 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 2,7 faiz real artım deməkdir.
Sahil Babayev bildirib ki, 2025-ci ildə xam neftin bir barelinin orta illik qiyməti 71 dollar, orta illik inflyasiya isə 5,6 faiz təşkil edib. Manatın məzənnəsi il ərzində sabit qalaraq 1 ABŞ dollarına qarşı 1,7 manat səviyyəsində olub.
Nazir qeyd edib ki, əhalinin nominal gəlirləri ötən il 8 faiz artıb:
“Bu göstərici inflyasiya səviyyəsini üstələyir və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm nəticə hesab oluna bilər”- o qeyd edib.