Modern.az

Xərclərin 92 faizi artıq qeyri-neft gəlirləri hesabına qarşılanır - nazir

Xərclərin 92 faizi artıq qeyri-neft gəlirləri hesabına qarşılanır - nazir

İqtisadiyyat

Bu gün, 11:28

Azərbaycanda dövlət büdcəsinin neft gəlirlərindən asılılığı azalmaqda davam edir, cari xərclərin 92 faizi artıq qeyri-neft gəlirləri hesabına qarşılanır.

Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 2025-ci ildə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faizə çatıb. Bu göstərici proqnozdan 7,5 faiz bəndi yüksəkdir. Hökumətin hədəfi 2029-cu ilədək həmin göstəricini 100 faizə çatdırmaqdır.

S. Babayev qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı da artaraq 55,2 faizə yüksəlib. Bu, 2024-cü illə müqayisədə 2,8 faiz bəndi çoxdur. Növbəti illər üçün müəyyən edilmiş hədəfə əsasən, 2029-cu ildə bu göstəricinin 69 faizə çatdırılması nəzərdə tutulur.

O bildirib ki, icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti 28,7 faiz təşkil edib.

Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsiri qeyri-neft ÜDM-in 18,6 faizi səviyyəsində olub. Bu göstərici müəyyən edilmiş hədəfdən 3,5 faiz bəndi, 2024-cü illə müqayisədə isə 1,4 faiz bəndi aşağıdır.

"Dövlət xərcləri il ərzində səmərəli və ünvanlı şəkildə, mövcud ehtiyaclara uyğun icra olunub.

Regionların dövlət büdcəsindən asılılığının da azaldığı qeyd edilib. Belə ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 160 milyon manat təşkil edib. Bu, proqnoz göstəricisindən 55,6 milyon manat və ya 25,8 faiz, 2024-cü illə müqayisədə isə 25,2 milyon manat və ya 13,6 faiz azdır.

Bundan başqa, dotasiyadan asılı rayonların sayı da azalıb. Hazırda cəmi 4 rayon üzrə 1,5 milyon manat dotasiya nəzərdə tutulub. Bu göstərici əvvəlki illə müqayisədə 48,3 faiz azalma deməkdir" - Sahil Babayev bildirib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!