Modern.az

Aqrar sahədə yeni qanunlar hazırlanır - Nazir detalları açıqladı

Aqrar sahədə yeni qanunlar hazırlanır - Nazir detalları açıqladı

İqtisadiyyat

Bu gün, 14:14

Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində yeni qanunların qəbulu nəzərdə tutulur. Hazırlanacaq dəyişikliklər aqrar sahədə fəaliyyətin hüquqi əsaslarının yenilənməsini, torpaq istifadəsinin səmərəliliyinin artırılmasını və fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsini hədəfləyir.

Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Nazir bildirib ki, 2025-ci ildə aqrar sektor ölkənin ümumi daxili məhsulunun 5,9 faizini, qeyri-neft ÜDM-in isə 8,3 faizini formalaşdırıb. Onun sözlərinə görə, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatı sahəsində yeni və qısamüddətli proqramın hazırlanmasının vacibliyi vurğulanıb.

Məcnun Məmmədov qeyd edib ki, Dövlət Proqramında ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, yerli istehsalın artırılması, infrastrukturun inkişafı və investorların aqrar sektora cəlb olunması əsas prioritetlər kimi müəyyənləşdirilib.

Nazirin sözlərinə görə, proqram çərçivəsində aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi məqsədilə "Aqrar sahə haqqında" yeni qanunun hazırlanması nəzərdə tutulur:

"Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı ilə bağlı əsas anlayışların vahid hüquqi çərçivədə təsbitinə, dövlət dəstəyi və aqrar xidmət mexanizmlərinin hüquqi əsaslarının formalaşdırılmasına imkan verəcək".

O əlavə edib ki, balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır. Yeni "Balıqçılıq haqqında" qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək.

Nazir vurğulayıb ki, toxumçuluq sahəsində də beynəlxalq standartlara uyğun islahatlar aparılacaq:

"Yeni qanun çərçivəsində sertifikatlaşdırma və toxum təsnifatı təkmilləşdiriləcək, elektron xidmətlər genişləndiriləcək, özəl sektorun elit toxum istehsalında iştirakı artırılacaq. Eyni zamanda, keyfiyyətsiz toxum dövriyyəsinə qarşı nəzarət gücləndiriləcək".

Məcnun Məmmədov bildirib ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri də torpaq ehtiyatlarından daha səmərəli istifadədir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Nazirin sözlərinə görə, fermerlərin maliyyə imkanlarının genişləndirilməsi məqsədilə "Məhsul şəhadətnaməsi haqqında" qanunun qəbul edilməsi planlaşdırılır:

"Bu mexanizm anbarlarda saxlanılan məhsulların girov kimi istifadə edilməsinə şərait yaradacaq. Nəticədə fermerlərin dövriyyə vəsaitlərinə çıxışı asanlaşacaq, investisiya imkanları genişlənəcək və maliyyə bazarları ilə əlaqələr güclənəcək".
 

Sizə yeni x var
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!