Modern.az

Quş əti üzrə özünütəminetmə 100 faizə çatdırılacaq - Nazirlik

Quş əti üzrə özünütəminetmə 100 faizə çatdırılacaq - Nazirlik

İqtisadiyyat

Bu gün, 14:40

Azərbaycanda quş əti üzrə özünütəminetmə səviyyəsinin 100 faizə çatdırılması planlaşdırılır. Bu məqsədlə quşçuluq təsərrüfatlarının yaradılması və modernləşdirilməsinə dövlət dəstəyi genişləndiriləcək.

Modern.az xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Rəşad Hüseynov bildirib ki, Dövlət Proqramı çərçivəsində 2025-ci ildə 147 min ton olan quş əti istehsalının 2030-cu ilədək 30 faiz artırılması nəzərdə tutulur. Eyni zamanda, yumurta istehsalının 2 milyard 343 milyon ədəddən 27 faiz artırılması planlaşdırılır.

Onun sözlərinə görə, proqramın əsas hədəflərindən biri quş əti üzrə özünütəminetmə səviyyəsini hazırkı 82 faizdən 100 faizə çatdırmaqdır.

Mərkəz direktoru qeyd edib ki, bunun üçün yumurta və toyuq əti istehsalı istiqamətində yeni təsərrüfatların qurulması, mövcud müəssisələrin isə müasirləşdirilməsi dəstəklənəcək.

"Yeni yaradılacaq və ya modernləşdiriləcək təsərrüfatlarda istifadə olunan avadanlıqların dəyərinin 40 faizinə qədər güzəşt tətbiq ediləcək. Həmçinin kreditlər üzrə faizlərin 40-50 faizinin subsidiyalaşdırılması nəzərdə tutulur", - deyə o bildirib.

Rəşad Hüseynov vurğulayıb ki, proqram çərçivəsində müasir kəsimxanaların yaradılması, yumurta istehsalında dərin emal müəssisələrinin qurulması və damazlıq işinin inkişafına dövlət dəstəyi veriləcək.

O əlavə edib ki, quşçuluq müəssisələrinin elektrik və qaz şəbəkələrinə qoşulma xərclərinin subsidiyalaşdırılması, eləcə də torpaq təyinatı ilə bağlı mövcud problemlərin həlli istiqamətində tədbirlər görüləcək.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!