Azərbaycanda məhsul subsidiyalarının əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə üzüm, xurma və digər bitkilərin də məhsul subsidiyası mexanizminə daxil edilməsi imkanları nəzərdən keçirilir.
Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Nazir bildirib ki, qarşıdakı dövrdə əsas diqqət yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsindən daha çox mövcud sahələrdə məhsuldarlığın artırılmasına yönəldiləcək.
Onun sözlərinə görə, Azərbaycanda taxıl, yem və texniki bitkilər birlikdə əkin strukturunun təxminən 90 faizini təşkil edir və daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalının artırılmasına ehtiyac var.
Məcnun Məmmədov qeyd edib ki, torpaqların identifikasiyası və elektron uçot sisteminin təkmilləşdirilməsi subsidiya mexanizmlərinin effektivliyinin artırılmasında mühüm rol oynayır.
Nazirin sözlərinə görə, 2025-ci ildən subsidiyaların verilməsi zamanı torpaq çıxarışlarında göstərilən koordinatlar üzrə peyk məlumatlarından istifadə olunmağa başlanılıb.
O bildirib ki, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi fermerlərin maarifləndirilməsi, elektronlaşmanın genişləndirilməsi və torpaq xəritələrinin dəqiqləşdirilməsi ilə paralel şəkildə həyata keçiriləcək.
"Məqsədimiz məhsul subsidiyalarına keçidi genişləndirməkdir. Əvvəllər yalnız tütün, şəkər çuğunduru və pambıq üzrə tətbiq edilən məhsul subsidiyası sonradan qarğıdalı və günəbaxana, bu ildən isə alma və nar məhsullarına da şamil olunub. Növbəti ildən üzüm, xurma və digər bitkilərin də bu mexanizmə daxil edilməsini nəzərdən keçiririk", - deyə nazir vurğulayıb.
Məcnun Məmmədov əlavə edib ki, məhsul subsidiyalarının genişləndirilməsi üçün nəzarət və uçot sistemlərinin daha da təkmilləşdirilməsi vacibdir və bu istiqamətdə süni intellekt və rəqəmsal texnologiyaların imkanlarından istifadə olunacaq.